29 sentyabr 2022, 19:00

Abduxoşim (Haşimjon) İsmayılovdan, Daşkənd, Özbəkistan

Hörmətli cənab İlham Əliyev.

Azərbaycan Respublikasının yüksək dövlət mükafatı - “Dostluq” ordeni ilə təltif olunmağım mənim üçün böyük şərəfdir, buna görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Mükafatla bağlı xoş xəbəri Özbəkistanın müstəqilliyinin 31-ci ildönümü ərəfəsində aldım və bu gün mənim üçün ikiqat bayram oldu.

50 illik yaradıcılıq fəaliyyətim ərzində özbək mədəniyyətinin inkişafına, onun bütün dünyada tərənnümünə mümkün töhfə verməyə çalışmışam.

Özbək və Azərbaycan xalqları çox oxşar və bir-birinə yaxındır. Azərbaycan xalqı milli muğam sənətini əziz tutduğu kimi, özbək xalqı da muğam sənətinə böyük hörmətlə yanaşır. Təqdirəlayiqdir ki, Bakıda Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti təşkil olunur, UNESCO Azərbaycan muğamını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib, hər il tanınmış muğam ifaçılarının və bilicilərinin iştirakı ilə forumların, festivalların keçirilməsi ənənəyə çevrilib. Özbəkistan sənətkarlarının, muğam ustalarının bu mötəbər tədbirlərdə daim iştirak etməsi iki xalqın möhkəm dostluğundan xəbər verir.

Dövlət başçımızın təşəbbüsü ilə bizim ölkədə də ənənəvi olaraq Beynəlxalq Muğam Sənəti Festivalı keçirilir. Bu tədbir beynəlxalq əməkdaşlığın geniş inkişafında, klassik xanəndəlik sahəsində istedadların üzə çıxarılmasında, nadir sənətin qorunub saxlanmasında mühüm rol oynayır.

2018-ci ildə Şaxrisabz şəhərində keçirilən Muğam Sənəti Forumunda Sahib Paşazadə, Abgül Mirzəliyev, Kamal Nuriyev kimi azərbaycanlı muğam ustaları iştirak etmiş, Nigar Şabanova isə ən yaxşı solo ifası ilə tamaşaçıları ovsunlayaraq birinci yerə layiq görülmüşdür.

Yadımdadır, 1983-cü ildə bir qrup özbək sənətçi ilə birlikdə Azərbaycana qastrol səfərinə gəlmişdim. Hörmətli Heydər Əliyev də konsertdə iştirak edirdi. Konsertin sonunda O, hər birimizi səmimi qəlbdən salamladı, yaradıcılıq işlərimizdə uğurlar arzuladı.

Təxminən 40 il sonra, bu ilin iyununda Özbəkistana rəsmi səfəriniz zamanı Siz də bizi səmimi qarşıladınız, milli sənəti yüksək qiymətləndirdiniz və bu, yaradıcı insanlara ruh verdi.

Biz sənət adamları iki qardaş xalq arasında mədəni əlaqələrin fəal inkişafını ürəkdən dəstəkləyirik. Əminəm ki, biz birlikdə dünya mədəniyyətinin inkişafına daha da mühüm töhfə verə bilərik.

İcazə verin, Sizə bir daha sonsuz minnətdarlığımı bildirim.

Dərin hörmətlə,

Abduxoşim (Haşimjon) İsmayılov

Özbəkistanın xalq artisti

Özbəkistan Respublikası, Daşkənd şəhəri.