Paşa Səfərovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Apardığınız uğurlu siyasət nəticəsində düşmənə bütün sahələrdə qalib gələrək, müqəddəs torpaqlarımızı işğaldan azad etdiniz. Siz bununla Azərbaycan xalqını 30 illik vətən, yurd, torpaq həsrətindən qurtararaq ulu öndər Heydər Əliyevin başlıca vəsiyyətini yerinə yetirdiniz. Sizin rəhbərliyinizlə əldə olunan bu Qələbə müasir və müstəqil Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi gələcək nəsillər üçün ərmağan olacaqdır.
İşğaldan azad edilmiş yaşayış məntəqələrimizə, eləcə də Füzuli şəhərinə düşmən qüvvələri tərəfindən edilmiş vəhşilik bəşəriyyət üçün barışmaz və nifrət doğuran bir haldır. Bu gün həmin torpaqlarda Sizin rəhbərliyiniz nəticəsində aparılan bərpa-quruculuq işləri bir vətəndaş kimi məni çox sevindirir. Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mötəbər tədbirlərin keçirilməsi, 30 ildən sonra keçmiş məcburi köçkünlərin Zəngilan rayonunun Ağalı kəndinə qayıdışı hər bir Azərbaycan vətəndaşında Sizin apardığınız siyasətə olan dəstəyi və sevgini artırmaqdadır.
Füzuli rayonundan olan keçmiş məcburi köçkün və uşaqlıq illərini Şuşa şəhərində keçirmiş bir vətəndaş kimi yenidən doğma torpaqlarımıza qayıtmaq sevincini bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Dərin hörmət və ehtiramla,
Səfərov Paşa İbiş oğlu,
Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri,
Bakı 3 saylı Mediasiya Təşkilatının direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.