Zülfüqar Əliyevdən, Sabirabad, Azərbaycan
Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyiniz və bilavasitə nəzarətinizlə ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən sosial layihələr cəmiyyətimizdə böyük rəğbət və minnətdarlıqla qarşılanır.
Şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi, dövlətimiz tərəfindən onlara bir çox xüsusi imtiyaz və güzəştlərin verilməsi, bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluq probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması, müharibədə yaralanan veteranlarımızın müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, müharibə əlillərinin ən müasir protezlərlə təmin edilməsi və bu qəbildən olan yüzlərlə sosial layihə Sizin Vətən müdafiəçilərinə olan sevgi və qayğınızın əyani göstəriciləridir.
Möhtərəm cənab Prezident, Sizin 2021-ci il 23 dekabr tarixli Fərmanınızın icrası məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli Qərarı ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydasının təsdiq edilməsi müharibə əlillərinə və veteranlara dövlət qayğısının daha bir təzahürüdür. Bu mühüm və humanist addımın ən vacib cəhətlərindən biri də odur ki, dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramı Birinci Qarabağ müharibəsi əlillərinə də şamil edilir. Sizin bilavasitə qayğınız və diqqətiniz sayəsində həyata keçirilən həmin proqram müxtəlif tarixi dövrlərdə Vətəninin müdafiəsində dayanan, öz sağlamlığını müstəqilliyimizin möhkəmlənməsinə, torpaqlarımızın müdafiəsinə qurban verən vətəndaşlarımızın hamısına dövlətimiz tərəfindən eyni dərəcədə qayğıkeş münasibət sərgiləndiyini bir daha sübut edir.
Cənab Prezident, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı” İctimai Birliyinin üzvü olaraq Sizi əmin edirik ki, biz veteranlar hər zaman olduğu kimi, bundan sonra da Sizin yanınızda olacağıq, dövlətimizin daha parlaq gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Yaşasın Müzəffər Ali Baş Komandan.
Yaşasın qalib Azərbaycan xalqı.
Dərin hörmət və ehtiramla,
Əliyev Zülfüqar Qafur oğlu, I qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi.