11 avqust 2022, 14:13

Kamran Ömərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin böyük uğurla yürütdüyünüz xeyirxah siyasətiniz on minlərlə insanın həyata yenidən başlamaq həvəsini və inamını artırmış, çoxlarına sevinc, səadət bəxş etmişdir. Bu gün ölkəmizdə həlli müşkül problemi, dərd-səri olanların ümid yeri kimi ilk ağlına gələn ünvan məhz Sizin adınız olur. Hamı bilir ki, əziz Prezidentimiz işinin həddindən çox, vaxtının isə məhdud olmasına baxmayaraq mütləq imkan tapan kimi öz mərhəmətini və şəfqətini onlardan əsirgəməyəcəkdir. Xalq sevgisinin, rəğbətinin mənbəyi də məhz elə bundadır.

Müzəffər Ordunun Müzəffər Ali Baş Komandanı kimi harada yaşamasından asılı olmayaraq milyonlarla azərbaycanlının qəlbində əbədi taxt qurmuşsunuz.

Bu gün həyata keçirilən layihələr təkcə ölkəmizdə deyil, bütün dünyada böyük rəğbətlə qarşılanır. Biz, doğrudan da çox xoşbəxt xalqıq ki, Uca Allah, Sizi bizə əvəzsiz nemət və bəlalardan qurtaran misilsiz güc kimi əta etmişdir. Allahdan arzumuz budur ki, bu neməti bizə əbədi nəsib etsin ki, xalqımız bir daha məhrumiyyətlər girdabına yuvarlanmasın.

Möhtərəm Prezident, mən Ömərov Kamran İmran oğlu 2010-2015-ci illərdə Ukraynanın Sum Dövlət Universitetində təhsil almışam, oranın məzunu olmuşam. Mənim diplomumun tanınması haqqında xəbəri “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmamla bir vaxta düşdüyünə görə sevincimin həddi hüdudu yoxdur. Azərbaycan vətəndaşı olaraq Sizə minnətdarlığımı bildirirəm.

Sizi əmin etmək istəyirəm ki, öz peşə ixtisasıma uyğun olaraq hər zaman dövlətimə ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm.

Hörmətlə,

Kamran Ömərov

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.