08 iyul 2022, 16:33

Təhminə Vəliyevadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uğurlu siyasətinizin nəticəsində torpaqlarımız işğaldan azad olundu. Siz xalqımızın 30 illik həsrətinə son qoydunuz və bizi qalib xalq etdiniz. İşğaldan azad olunmuş torpaqlarımızda Sizin göstərişləriniz əsasında bu gün genişmiqyaslı quruculuq işləri aparılır.

Siz bu yaxınlarda mənim doğma yurdum - Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə səfər etdiniz. Sizə rayonumuzun baş planı təqdim edildi. Bu, bizə böyük qürur hissi yaşatdı.

Hörmətli cənab Prezident, bu gün biz şəhid ailələri dövlətimiz tərəfindən qayğı ilə əhatə olunmuşuq. Şəhid ailələrinə və qazilərə göstərdiyiniz xüsusi qayğı və diqqətə görə Sizə bir şəhid ailəsi olaraq dərin minnətdarlığımı bildirirəm. Bu günə qədər minlərlə şəhid ailələri mənzil və işlə təmin olunmuşdur.

Sizin göstərişinizlə biz də qısa zaman ərzində mənzillə təmin olunduq. Buna görə Sizə ailə üzvlərimin adından dərin təşəkkürümü bildirirəm. Mən iki oğul övladı böyüdürəm, o övladlar da ataları kimi Sizin ətrafınızda sıx birləşərək, daim əmrlərinizi yerinə yetirməyə hazırdır.

Hörmətli cənab Prezident, müstəqil dövlətimizin inkişafı və güclənməsi naminə apardığınız siyasətdə Sizə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Təhminə Vəliyeva

Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi