05 iyul 2022, 17:53

Vidadi Ağayevdən, Nur-Sultan, Qazaxıstan

Çox hörmətli cənab Prezident.

Bu ilin fevral ayında Azərbaycanın Qazaxıstanda yaşayan diaspor üzvlərindən biri kimi xalqımızın qədim incilərindən, tarixi şəhərlərindən biri olan Şuşaya səfərim mənə böyük qürur hissi yaşatdı.

Mən xaricdə yaşayan azərbaycanlı kimi öz dövlətimlə, ordumla bir daha fəxr etdim. Xalqımızın mənəvi sərvəti, tarixi yaddaşı və gələcəyə olan inamımızın simvolu olan, əsrarəngiz təbiətə malik bu gözəl yurdda, tarixi Şuşa qalasında özümü çox xoşbəxt hiss etdim. Allah bu yolda canından keçən şəhidlərimizə rəhmət etsin, qazilərimizə uzun və mənalı ömür nəsib etsin!

Cənab Prezident, 2020-ci il sentyabrın 27-də 44 günlük Vətən Müharibəsində bir Ali Baş Komandan kimi göstərdiyiniz gərgin səyləri hər bir azərbaycanlı kimi, mən də diqqətlə izləyir, Sizə olan inam və rəğbətimlə şəxsinizə etdiyim dualarımı əsirgəmirdim.

Bildirmək istəyirəm ki, Azərbaycan diasporunun Şuşada keçirilən V qurultayında çıxışınız bir daha onu göstərir ki, Azərbaycanın müstəqil dövlət kimi inkişafı naminə fəaliyyətinizi bundan sonra da yorulmadan davam etdirəcəksiniz. Bu yolda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Sizin yanınızdadır. Hər bir soydaşımız yaşadığı ölkədə Ana Vətənimizin tərəqqisi üçün əlindən gələn bütün töhfələri bundan sonra da verməyə hazırdır.

Bir daha Sizə bu çətin yolda cansağlığı, ölkəmizə və xalqımıza isə əmin-amanlıq arzulayıram.

Dərin ehtiramla,

Vidadi Ağayev

“Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

Qazaxıstan Respublikası, Nur-Sultan şəhəri.