Abbas Nağıyevdən, Zərdab, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. Həmin il qəbul edilmiş qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə respublikada barama tədarükü artmışdı. Gənclik çağlarıma düşən həmin dövrdə istifadəyə yararsız torpaq sahələrində, yol kənarlarında, şəhər və qəsəbələrdə çoxlu tut tingləri əkilməsi baramaçılığın yem bazasının əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olmuşdu. Eyni zamanda, bu sahədə elmi-tədqiqat işlərinə diqqət artırılmışdı.
Cənab Prezident, Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq Sizin tapşırığına əsasən, 2016-cı ildən başlayaraq respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində işlər həyata keçirilməsinə başlanılıb. Zərdab rayonunda da barama qəbulu və emalı məntəqəsi yaradılıb ki, bu da yeni iş yerlərinin açılmasına və kümçülərin öz məhsullarını rahatlıqla təhvil verməsinə şərait yaradır. Həmçinin yaş baramanın ümumi qiymətinin 11 manata qaldırılması bu sahəyə əhalinin marağını daha da artırır. Vətəndaş və ən əsası bir aqronom olaraq həyata keçirilən tədbirlər məni çox sevindirir.
Hər il olduğu kimi 2022-ci ildə də Zərdab kümçüləri tərəfindən yüksək səviyyədə ipək qurdu bəslənərək 60 tona yaxın yaş barama təhvil verilmişdir. Bu da, öz növbəsində həmin insanların gəlirlərinin artmasına və maddi rifahının yüksəlməsinə səbəb olur.
Cənab Prezident, ölkə əhalisinə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Nağıyev Abbas Qinyaz oğlu
Azərbaycan Respublikası, Zərdab rayonu, Dəli Quşçu kəndi