02 iyul 2022, 13:47

Əhməd və Südabə Ağakişiyevlərdən, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyiniz səylərinizi, o cümlədən Qarabağdakı bərpa və quruculuq işlərini, apardığınız kadr və sosialyönümlü müsbət dəyişiklikləri, yürütdüyünüz daxili və xarici siyasəti tam dəstəkləyir və bu məsuliyyətli, çətin, fədakar işlərinizdə Sizə böyük müvəffəqiyyətlər arzulayırıq.

Hörmətli cənab Prezident, ən böyük uğurunuz ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirməyiniz, iyirmi səkkiz il qanayan yaramız, doğma yurdumuz Qarabağımızı erməni faşizminin əsarətindən xilas etməyiniz olmuşdur. Beynəlxalq aləmdə Azərbaycanın haqq səsini ucaltmaqla yanaşı, düzgün strategiya nəticəsində qazanılan bu möhtəşəm Qələbə, regionda yeni reallığın yaranmasına və Azərbaycanın dünyadakı mövqeyinin möhkəmlənməsinə səbəb olmuşdur. Azərbaycan Ordusunun modernləşməsinə, son texnologiyalı müasir silahlarla təchiz olunmasına, sərhədlərimizin möhkəmləndirilməsinə göstərdiyiniz səylərinizi təqdir edirik.

Cənab Prezident, ağıllı siyasətiniz nəticəsində əsrin böyük bəlası olan COVID-19 pandemiyasını səhiyyə sistemindəki uğurlu çalışmalar, qurulan modul tipli xəstəxanalar və tibb işçilərinin səfərbərliyə alınması sayəsində fəsadların aradan qaldırılması ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına maddi dəstək və bir sıra ölkələrə maska, dərman, tibbi cihazlar və s. yardım edilməsi ilə də dünyada diqqət mərkəzində olmusunuz.

Möhtərəm cənab Prezident, Kür çayının sahilində yerləşən Şirvan şəhərində aparılan abadlıq-quruculuq işləri könül oxşayır. Şəhərimizdə uzun illərin problemləri həll edilmiş, kanalizasiya və su sistemləri əsaslı şəkildə yenidən qurulmuş, qaz və elektrik çatışmazlıqları aradan qaldırılmışdır. Şəhid ailələri və qazilərə maddi-mənəvi yardımlar edilir, narahatlıq doğuran məsələlər həll olunur. Bu mənzərədən qürur hissi keçirir, təşəkkürlərimizi bildirir, dualarımızı əsirgəmirik.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Əhməd və Südabə Ağakişiyevlər

Azərbaycan Respublikası, Şirvan şəhəri.