24 iyun 2022, 17:20

Elşən Abbaszadədən, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bir çox Azərbaycan vətəndaşı kimi, mən də Sizə təşəkkür məktubu yazmağı özümə borc bildim. Öncə, Sizin dövlətimizə və dövlətçiliyimizə göstərdiyiniz xidmətlərin əvəzsiz olduğunu qeyd etmək istəyirəm. Mən və mənim kimi gənclər, həmçinin bizdən sonra gələn nəsillər bu sevinci və xoş günləri, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri Sizin böyük siyasətinizə borcluyuq.

Mən fəxr edirəm ki, tarixi qələbəmizdə az da olsa ailə üzvlərimin payı vardır. Əmim polkovnik-leytenant Oruc Abbasovun və atam Elməddin Abbasovun Vətən müharibəsində iştirak etməsi mənim sevincimə sevinc qatdı.

Cənab Ali Baş Komandan, mən və bacım Bakıda universitetdə təhsil alırıq. Şəxsən Sizin və Mehriban xanımın, ümumilikdə dövlətimiz tərəfindən müharibə iştirakçılarına çox yaxşı münasibət göstərilir. Bu münasibət həm bizim təhsilimizə, həm də həyatımıza çox yaxşı təsir edir. Sizin və seçdiyiniz dövlət adamlarının xalqımıza və Vətənimizə bu qədər dəyər verməsi məni sevindirir. Özümün və ailəmin adından Sizə təşəkkür edirəm.

Hörmətlə,

Elşən Abbaszadə

Azərbaycan Respublikası, Füzuli rayonu, Kərimbəyli kəndi.