11 iyun 2022, 13:37

Novella Cəfərovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin, xalqımızın tərəqqisinə yönəlmiş çoxşaxəli, geniş fəaliyyətinizi, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbəmizdə Ali Baş Komandan kimi müdrikliyinizi, tarixi qəhrəmanlığınızı, humanistliyinizi olduqca yüksək qiymətləndirirəm.

İşğal olunmuş ərazilərin azad edilməsi və orada genişmiqyaslı quruculuq işlərinin aparılması xalqımızda Sizə qarşı böyük rəğbət yaradır, onların gələcəyə ümidlərini artırır, çağırışlarınıza cavab verərək fəaliyyət göstərməyə daha da ruhlandırır. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri Cənubi Qafqazda yeni geosiyasi proseslərin əsasını qoyaraq regional və regionlararası səviyyədə sülh və əməkdaşlıq üçün güclü potensiala yol açır. Düşmənlərin ölkəmizə yönləndirmək istədikləri dini, etnik, siyasi qarşıdurmaların qarşısı Sizin rəhbərliyiniz altında uğurla alınmış, bütün insanlarımız, xüsusi ilə siyasi və ictimai xadimlərimiz arasında arzu olunan həmrəylik yaranmışdır. Bu münasibət özünü torpaqlarımızın işğaldan azad olunması yolunda Sizin rəhbərliyinizlə apardığımız müqəddəs müharibədə bir daha göstərdi. Siz indi ölkəmizin sevimli rəhbəri, türk dünyasının ümidlə baxdığı liderlərindən birisiniz. Beynəlxalq aləmdə öz zəkanızla böyük nüfuza maliksiniz.

Belə bir şəraitdə 27 may 2022-ci il tarixində “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” verdiyiniz Sərəncam Sizin humanistiyinizi, insan haqlarına diqqətli olmağınızı bir daha təsdiq edir. Mən də yüzlərlə əfv olunan insanların sevinən ailələrinə, tərəqqipərvər insanlara qoşularaq bir ana, Azərbaycan xanımı, hüquq müdafiəçisi kimi Sizə öz minnətdarlığımı bildirirəm. Bir sıra məhbusları, o cümlədən Saleh Rüstəmovu və Şəmsi Səmədzadəni bizim də müraciətimizi nəzərə alaraq əfv etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu addım Azərbaycan dövlətinin öz vətəndaşlarının taleyinə necə həssaslıqla yanaşdığına, qayğısına qaldığına çox gözəl sübutdur.

Hörmətlə,

Novella Cəfərova

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, Beynəlxalq Qadınlar Şurasının milli nümayəndəsi, “Şöhrət” ordenli

Azərbaycan Respublikası, Bakı şəhəri.