Şamaxı rayon ictimaiyyətidən, Şamaxı, Azərbaycan
Hörmətli cənab Prezident.
44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işlərini gördükcə böyük fəxr və qürur hissi keçiririk. Sizin apardığınız dövlət siyasəti nəticəsində ölkəmizin bütün istiqamətlərdə inkişafı hər bir azərbaycanlını sevindirir və gələcəyə inamını daha da artırır. Məhz bunun nəticəsidir ki, ölkəmiz nəinki regionda, hətta dünya miqyasında öz layiqli yerini tutmaqla yanaşı mühüm söz sahibinə çevrilmişdir. Sizin gərgin fəaliyyətinizin nəticəsində respublikamızın hər bir regionu kimi Şamaxı da öz dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə göstərdiyiniz diqqət sayəsində zəngin təbiətə malik ölkəmizin turizm potensialı daha da artır.
Hörmətli cənab Prezident, Sizin diqqət və qayğınızla qədim tarixi-mədəni irsə malik, öz turizm potensialı və coğrafi mövqeyi ilə fərqlənən Şamaxı rayonu da gündən-günə inkişaf edir. Məhz Sizin ayrı- ayrı vaxtlarda imzaladığınız sərəncamlarla aparılan abadlıq-quruculuq işləri, tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayonumuzun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı və digər sahələri getdikcə inkişaf etməkdədir. Şamaxıda küçə və prospektlərin, digər avtomobil yollarının işıqlandırılması, rayon ərazisinin yaşıllaşdırılması istiqamətində bir çox işlər görülmüşdür. Sizin təşəbbüsünüzlə Şamaxı Cümə məscidində, Pirsaat Baba ziyarətgahında, Şahxəndan türbəsində və digər tarixi-mədəni abidələrdə aparılmış yenidənqurma işləri xalqımızın mənəvi dünyasına verilmiş yüksək qiymətlə yanaşı, turizm sahəsinin də inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Türk Dövlətləri Təşkilatı tərəfindən qədim şəhərimiz Şamaxının 2023-cü il üçün “Türk Dünyasının Turizm Paytaxtı” seçilməsi şamaxılıların sevincinə sevinc qatdı. Azərbaycanın dilbər guşələrindən olan Şamaxı bütün dövrlərdə diqqət mərkəzində olmuş və bir çox mötəbər tədbirlərə ev sahibliyi etmişdir. Qədim tarixə malik olan Şamaxının adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılmasına, mədəni həyatının dirçəldilməsinə böyük təsir göstərəcək, inkişafı üçün geniş üfüqlər açacaqdır.
Qədimliyini qoruyub saxlayan, zəngin tarixi keçmişini yaşadan, müasirliyə qucaq açan bu şəhərin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Şamaxı rayonunun ictimaiyyəti adından Sizi əmin edirik ki, bizə göstərdiyiniz etimadı doğruldacaq, rayonumuzun inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik.
Dərin hörmət və ehtiramla,
Şamaxı rayon ictimaiyyəti
Azərbaycan Respublikası, Şamaxı şəhəri.