19 may 2022, 17:30

Barat Həmidov və başqalarından, Astara, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Yaşadığımız Astara rayonu ölkənin digər rayonları kimi, son illər məhz Sizin təşəbbüsünüz və ayırdığınız vəsaitlər hesabına xeyli dərəcədə abadlaşıb və inkişaf edib. Eyni zamanda, hökumətin qəbul etdiyi sosial layihələr və proqramlar əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olub. Təbii ki, həyata keçirilən bütün bu tədbirlər xalqımızın gələcəyinə və regionlarımızın inkişafına doğru atılan addımlardır.

Bizim Astara rayonu ölkənin Cənub regionunun Xəzər dənizi sahilində yerləşən və yaşıllıqlarla əhatə olunan ən gözəl rayonlarından biridir. Ölkəmizin Xəzər dənizi sahilində yerləşən və Sizin də açılışında iştirak etdiyiniz ikinci ən böyük dənizkənarı park da məhz Astarada yerləşir. Burada son illər həyata keçirilən tikinti və abadlıq işləri rayonumuzu daha da gözəlləşdirib.

Son illər brakonyerlərin və narkotik maddələrin ticarəti ilə məşğul olan sakinlərin hərəkətləri rayon əhalisinin ciddi narazılığına səbəb olurdu. Bunun qarşısının alınması üçün daxili işlər orqanlarının əməkdaşları tez-tez Xəzər sahili boyu ərazilərdə olub vətəndaşlarla profilaktik söhbətlər apararaq qanunsuz balıq ovu və XXI əsrin baş bəlasına çevrilmiş narkotiklərə qarşı birgə mübarizənin metodları barədə fikir mübadiləsi aparırlar. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslərin ifşa olunması rayon əhalisinin böyük rəğbətinə səbəb olmuşdur. Çünki narkotik maddələrin dövriyyəsi nəticəsində insanlara bədbəxtlik gətirən bu zəhərli maddələr onlarla ailənin dağılmasına, gənclərin pis vərdişlərə aludəçiliyinə və müxtəlif cinayət əməllərinə qatılmalarına səbəb olur. Ona görə rayonumuzun ziyalıları, ağsaqqalları, ictimaiyyət nümayəndələri hüquq mühafizə orqanlarının bu bəlaya qarşı həyata keçirdikləri tədbirləri ürəkdən alqışlayırlar. Eyni zamanda, rayon sakinləri xalqımızın sərvəti olan Xəzər dənizinin qiymətli balıq növlərinin brakonyerlər tərəfindən qanunsuz ovlanmasının qarşısını alan əməkdaşların əməli fəaliyyətini çox yüksək qiymətləndirməklə bərabər, bu işin müsbət nəticələrinin şahidi olurlar.

Hörmətli cənab Prezident, Azərbaycanın Cənub qapısından ölkəmizə ilk dəfə qədəm qoyan əcnəbi vətəndaşlar Astaranın dənizsahili ərazisinin gözəlliyi ilə yanaşı, əhalisinin qonaqpərvərliyi ilə də üzləşirlər. Onu da qeyd etməliyik ki, rayonumuzun xeyli vətəndaşı Birinci və İkinci Qarabağ müharibələrinin veteranlarıdır. Müharibədə şəhid olan həmyerlilərimizin ailələrinə, müharibə əlillərinə dəfələrlə yardımlar edilib, onların problemlərinin həllinə köməklik göstərilib.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, fəaliyyətinizdə daha böyük uğurlar diləyirik.

Hörmətlə,

Həmidov Barat Əjdər oğlu,

Lüftiyev Sənan Ağaxan oğlu,

İbrahimov İbrahim Amil oğlu,

Əliyev Qəhrəman Rüstəm oğlu,

Quliyev Elman Elçin oğlu,

İsmayılov Emin Şaban oğlu.

Azərbaycan Respublikası, Astara şəhəri.