Yeganə Salmandan, Yerusəlim, İsrail
Hörmətli cənab Prezident.
Uzaqgörənlik, düşünülmüş, çevik siyasət, müdriklik – bunlar görkəmli şəxsiyyət, müasir dövrümüzün ən böyük siyasi xadimlərindən biri olan Heydər Əliyevi xarakterizə edən əsas xüsusiyyətlərdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim nikbinliyi, dərin zəkası və öz ölkəsini, xalqını xoşbəxt gələcəyə aparan yorulmaz səyləri ilə fərqlənirdi. İsrailin sabiq Prezidenti Şimon Peres Heydər Əliyevi dünyamiqyaslı siyasətçi kimi xarakterizə edən keyfiyyətlərlə bağlı suala cavabında demişdi ki, o, ağıllı və güclü iradəli liderdir. Başa düşürdü ki, dəyişən dünyada Azərbaycanı gücləndirmək lazımdır. Dünya iqtisadiyyatına inteqrasiya Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracaq. Şimon Peres Heydər Əliyevin öz xalqının gələcəyi, ölkəsinin iqtisadi inkişafı və dəyişən dünyaya inteqrasiyası istiqamətində atdığı qətiyyətli addımlara heyran qaldığını bildirirdi. O, həmçinin Azərbaycandakı yəhudi icmasına göstərilən mehriban, xeyirxah münasibəti yüksək qiymətləndirirdi və qeyd edirdi ki, buna görə də Azərbaycan və İsrail arasında qarşılıqlı faydalı əlaqələr inkişaf edir, Azərbaycandan gələn yəhudilər iki ölkənin mədəni əlaqələrinin dərinləşməsində mühüm rol oynayırlar.
Cənab Prezident, Siz dahi atanızın başlatdığı xarici siyasəti hazırda uğurla davam etdirirsiniz. Məhz Heydər Əliyevin strategiyasına, müdrik və uzaqgörən siyasətinə sadiqliyiniz nəticəsində Sizin Ali Baş Komandanlığınızla Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində layiqli Qələbə qazandı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu inamlı Qələbə nəticəsində Azərbaycan öz torpaqlarını Ermənistanın çoxillik işğalından azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Sizin rəhbərliyinizlə qazanılmış böyük Qələbə Azərbaycanın çoxəsrlik tarixinə əbədi olaraq qızıl hərflərlə yazıldı. Məhz Sizin diplomatik məharətiniz və aydın strategiyanız, Azərbaycan əsgərlərinin qəhrəmanlığı sayəsində bu gün hər bir azərbaycanlı Qarabağa – doğma torpaqlarına gedə bilir. Böyük Heydər Əliyev deyirdi ki, Şuşa Azərbaycanın ürəyidir və bir gün biz mütləq onu geri qaytaracağıq. Bu gün Heydər Əliyevin həmin arzusu reallaşdı, bu yaxınlarda isə Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Biz, Vətəndən uzaqda yaşayanlar işğaldan azad edilmiş torpaqlarımızı ziyarət etdiyimizə görə çox sevindik. Bir zamanlar dağıdılmış, viran qoyulmuş və öz həqiqi sahibini gözləyən Qarabağ indi əmin əllərdədir və bu, daim belə olacaq.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvləri olaraq Azərbaycana bu tarixi Qələbəni qazandırdığınıza, Azərbaycan xalqını qalib xalq etdiyinizə, eləcə də Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Heydər Əliyevin anadan olmasının 99 illiyinin qeyd olunduğu bu günlərdə bir daha vurğulamaq istərdim ki, Azərbaycanın bugünkü uğurlarını qazanması, ərazi bütövlüyünü bərpa etməsi dahi siyasi xadimin, Azərbaycan dövlətçiliyinin banisinin siyasi irsi və bu irsə sədaqət sayəsində mümkün oldu.
Dərin hörmətlə,
Yeganə Salman
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
İsrail Dövləti, Yerusəlim şəhəri.