28 aprel 2022, 17:40

Məsud Əfəndiyevdən, Münhen, Almaniya

Möhtərəm cənab Prezident.

Sizə təşəkkür məktubumu şəxsi dostlarım və elmi məsləkdaşlarım olan iki Nobel mükafatçısının Sizin gördüyünüz böyük işlərə verdiyi qiymətlə başlamaq istərdim.

Əziz Səncər: “Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir”.

Arye Uorşel: “Mən üç dəfə Azərbaycana səfər etmək şərəfinə nail olmuşam. Hər səfər zamanı Azərbaycanın sürətlə inkişaf edərək müasir respublikaya çevrilməsinin şahidi olmaq məndə xoş təəssüratlar yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi inkişaf, multikultural və dinlərarası harmoniya modelinə çevrilib”.

Məni Azərbaycan cəmiyyəti ulu öndərimiz Heydər Əliyevin kadrı kimi tanıyır. Bunun üçün çox ciddi əsaslar da var. Əvvəla, mən orta məktəbi Zaqatalada 1970-ci ildə qızıl medalla bitirmişəm. Sonra Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Moskva Dövlət Universitetində təhsil almışam və orada aspiranturanı, doktoranturanı bitirmişəm. 31 ildən çoxdur ki, mən Almaniyada professor qismində yaşayıram və çalışıram. Buna baxmayaraq, Almaniya vətəndaşlığını qəbul etməmişəm, Azərbaycan vətəndaşı olaraq qalıram! Ulu Öndərin dediyi kimi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Hər bir müzəffər sərkərdənin uğurlarında və zəfərlərində onun həyat yoldaşı çox mühüm rol oynayır. Mən Mehriban xanımla Almaniyada və Azərbaycanda müxtəlif tədbirlərdə az da olsa ünsiyyətdə olmuşam. Fürsətdən istifadə edib ölkəmizdə təhsilin, elmin inkişafında verdiyi hərtərəfli dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirmək istərdim.

Cənab Prezident, məni “Əməkdar elm xadimi” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bu adla Sizin rəhbərliyinizlə azad edilmiş Qarabağda, Şuşada, Dünya Azərbaycanlılarının Zəfər Qurultayında və mübarək Ramazan ayında təltif olunmağım məni xüsusilə qürurlandım.

Bir daha Sizə təşəkkür edirəm.

Allah Sizi qorusun.

Hörmətlə,

Professor Dr. Məsud Əfəndiyev

Əməkdar elm xadimi

Almaniya Federativ Respublikası, Münhen şəhəri.