08 aprel 2022, 16:30

Emin Səfərovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Otuz illik həsrətimizə Sizin Ali Baş Komandanı olduğunuz şanlı Ordumuzun gücü və “Dəmir yumruğ”unuz sayəsində 44 gündə son qoyduq. Bu, bizim Vətənimizin - Azərbaycanımızın gücüdür. Bunu təkcə biz yox bütün dünya gördü. Mən və ailəm fəxr edirik ki, azərbaycanlıyıq, ən əsası da Sizin kimi güclü, qüdrətli Prezidentimiz və Ordumuz var.

Cənab Prezident, mən Qarabağ müharibəsi əliliyəm. Siz mənim ailəmə 2012-ci ildə çox böyük dəstək oldunuz. Qız övladım Aygün Səfərova ürək qüsurlu dünyaya gəlmişdi. Sizin sayənizdə qızım əməliyyat olundu və normal həyata qaytarıldı. Hazırda 15 yaşı var. Təkcə övladım yox, yoldaşım Pərvan Səfərova da Sizin sayənizdə yaşayır, müalicə alır. Ailəmizə olan qayğınız bununla bitmir. Biz uzun illər idi ki, kirayədə yaşayırdıq. Sizin diqqətiniz sayəsində artıq Sumqayıt şəhərində tam təmirli evlə təmin olunmuşuq.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə çox sağ olun. Mən bir Qarabağ müharibəsi əlili olaraq bu təşəkkür məktubunu yazmağı özümə borc bildim.

Yaxşı ki, Sizin kimi Ali Baş Komandanımız var.

Hörmətlə,

Səfərov Emin Nizami oğlu

Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.