31 mart 2022, 18:00

Qasım Qasımovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uğurlu siyasətiniz, qətiyyətli rəhbərliyinizlə Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu, hamımız “Dəmir yumruq” altında birləşərək yağı düşmənin tapdağı altında qalan torpaqları azad etdik.

Mən də Sizin müsəlləh əsgəriniz kimi Cəbrayıl, Xocavənd, Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdim. Qürurla deyim ki, Vətən müharibəsində şücaətlə vuruşdum, aldığım yaralar nəticəsində II qrup əliləm. Sərəncamınız əsasında təltif olunduğum “3-cü dərəcəli Rəşadət ordeni”ni, Cəbrayıl, Xocavənd, Füzulinin azadlığı uğrunda medalları şərəflə və böyük fəxrlə daşıyıram.

Sizin şəhid ailələrinə və Qarabağ müharibəsinin qazilərinə göstərdiyiniz diqqət və qayğı hər zaman bizim yaralarımıza məlhəmdir. Bu qayğıdan mənə də pay düşüb. Mən ehtiyatda olan baş leytenant və Qarabağ müharibəsinin əlili kimi Xocasən qəsəbəsində salınmış yeni yaşayış kompleksində mənzillə, həmçinin avtomobillə təmin olunmuşam.

Vətən müharibəsinin qaziləri adından əhatə olunduğumuz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Qasımov Qasım Cəfər oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.