Xəlil Yusifovdan, Sumqayıt, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə əzəli torpaqlarımız, Qarabağımız düşmən tapdağından xilas oldu. Qısa müddətdə - 44 gündə yazılan şanlı tarix dünyaya gücümüzü göstərdi. Bu şanlı tarix yaddaşlara əbədi həkk olundu.
Mən 2-ci qrup Vətən müharibəsi əliliyəm. Füzuli, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişəm və Laçın rayonunda yaralanmışam. Göstərdiyim şücaətlə əlaqədar Füzuli, Qubadlı, Laçın rayonlarının azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşam.
Cənab Prezident, Sizin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz xüsusi qayğı bütün xalqımız tərəfindən yüksək qiymətləndirilir. Mən fəxr edirəm ki, Sizin komandanlığınızla ata-baba yurdumuzu azad etmişik. Son damla qanıma qədər Sizin sadiq əsgərinizəm.
Sizin diqqət və qayğınızdan mən də kənarda qalmamışam. Abşeron rayonunda təmirli mənzillə təmin olunmuşam. Buna görə Sizə öz dərin təşəkkürümü bildirirəm.
Çox sağ olun, cənab Ali Baş Komandan!
Hörmətlə,
Yusifov Xəlil Hüseyn oğlu, 2-ci qrup Vətən müharibəsi əlili.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.