19 mart 2022, 11:50

Novruz Muradovdan, Beyləqan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Ali Baş Komandanlığınız, “Dəmir yumruğ”unuz və güclü müasir ordumuzun sayəsində Vətən müharibəsində Zəfər çaldıq, torpaqlarımızı erməni dığalarından təmizləməyi, işğaldan azad etməyi bacardıq. Bu, Azərbaycanın ən şanlı tarixidir desəm, yəqin ki, yanılmaram.

Mən Qarabağ müharibəsi iştirakçısıyam. Son vaxtlar səhhətimdə bəzi problemlər yaranmışdı, özümü çox narahat hiss edirdim. Bununla əlaqədar, Respublika Əmək və Müharibə Veteranları Xəstəxanasına getdim. Məni çox xoş münasibətlə qarşıladılar və müalicə olunmağımı məsləhət gördülər. Hazırda bu xəstəxanada uğurla müalicə olunuram. Xəstəxanadakı vəziyyət məni qane edir. Dövlət tərəfindən burada hər bir şərait yaradılmışdır, vaxtlı-vaxtında prosedurlar qəbul edirəm və dərmanlarla təmin olunuram. Torpaq çərşənbəsini də xəstəxanada tibb işçiləri ilə birlikdə qeyd etdik. Əsl bayram əhval-ruhiyyəsi var idi.

Bunları yazmaqla, ölkəmizdə müharibə veteranlarına göstərilən qayğını, diqqəti bir daha vurğulamaq istəyirəm. Şəxsən mənə göstərilən xoş münasibətdən, diqqətdən çox razıyam.

Cənab Prezident, biz veteranlara göstərilən yüksək səviyyəli qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya böyük minnətdarlığımı bildirirəm.

Həyatınız daim firavan olsun!

Hörmətlə,

Novruz Muradov,

Qarabağ müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Beyləqan rayonu, Dünyamalılar kəndi.