Sevil Əzizovadan, Lənkəran, Azərbaycan
Cənab Ali Baş Komandan.
Mən, Əzizova Sevil Həbib qızı bu məktubu Sizə Lənkəran rayonunun Rvo kəndindən yazıram. Oğlum 2 aydır ki, Vətən qarşısında borcunu yerinə yetirmək üçün Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edir. Onunla əlaqə saxladıqdan sonra ürəyimdən Sizə minnətdarlıq məktubu yazmaq keçdi. İlk növbədə, oğlumun xidmət etdiyi hərbi hissədə yaradılmış ideal şəraitə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Övladım deyir ki, hər tərəfdə səliqə-sahman göz oxşayır, ciddi nizam-intizam, qayda-qanun vardır. Qidalanma səviyyəsi yüksəkdir, gigiyenik qaydalara əməl olunur, isti, keyfiyyətli yeməklərdən hər kəs razıdır. Təlim və məşğələlərdən sonra əsgərlərin istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə bütün şərait yaradılıb.
Cənab Prezident, bir əsgər anası kimi yaradılan belə şəraitdən qürur duyuram. Bu, biz anaların qəlbinə rahatlıq gətirir. Azərbaycan əsgəri bizim and yerimizdir. Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsinin qəhrəmanlarındandır. Mən də əsgər anası olmağımla fəxr edirəm. Əsgər oğlum üçün, habelə bütün əsgərlər üçün yaradılmış şəraitə görə Azərbaycan Ordusunu dünyanın ən böyük orduları sıralarına qaldırmış Ali Baş Komandana – Sizə təşəkkürümü bildirirəm.
Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Cənab Prezident, bu sözləri Siz söyləmisiniz və biz Sizinlə fəxr edirik. Hər şeyə görə təşəkkür edirəm.
Hörmətlə,
Sevil Əzizova, əsgər anası.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Rvo kəndi.