22 fevral 2022, 13:33

Elvin Ələkbərovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Ali Baş Komandanlığınızla şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər xalqımızın qürur mənbəyi, tariximizin ən parlaq səhifələrindən biridir. Müzəffər Ordunun tərkibində Vətən müharibəsində iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Müharibə zamanı xəsarət alaraq əlil olsam da, Zəfər sevinci, torpaqlarımızın azadlığı mənə bütün ağrı-acını unutdurmuşdur.

Cənab Ali Baş Komandan, Siz müharibə əlillərinə hər zaman dayaqsınız. Problemlərimizin həlli ilə əlaqədar verdiyiniz tapşırıqlar bizim üçün çox vacib rol oynayır. Müharibə əlilləri və şəhid ailələrinin üzvləri ilə görüşləriniz zamanı onlarla səmimi ünsiyyətiniz, problemləri ilə yaxından maraqlanmağınız xalqımıza çox xoş təəssürat bəxş edir.

Həmçinin qeyd etməyi üzümə borc bilirəm ki, Sizin köməyinizi, qayğınızı görən vətəndaşlardan biri də mən özüməm. Sosial problemlərimin həlli ilə bağlı Sizə ünvanladığım müraciətlərə diqqətlə yanaşılır, qaldırdığım məsələlər öz həllini tapır, çətinliklər aradan qaldırılır.

Cənab Prezident, mənə göstərilən diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirir, “çox sağ olun!” deyirəm.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ələkbərov Elvin,

Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Şirvan şəhəri.