31 yanvar 2022, 12:41

Arzu Əhmədovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizdə yaşından və sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlara qayğı ilə yanaşılır. Uşaqlara, onların sağlamlığına göstərilən qayğı da əvəzsizdir. Sizin və Mehriban xanımın sayəsində bu gün Azərbaycanda müxtəlif xəstəliklərdən əziyyət çəkən, fiziki qüsuru olan uşaqların müalicəsi üçün geniş imkanlar yaradılmışdır. Gələcəyimiz olan uşaqlara göstərilən bu diqqət hər birimizi qəlbən sevindirir.

Əziz Prezidentimiz, mənim nəvəm, Bayramlı Uğur Akif oğlu nitq qüsurludur. O, Qüsursuz Nitq Korreksiya Mərkəzinin Sumqayıt filialında müalicə olunur. Həmin səhiyyə ocağında yaradılan şəraitdən, eyni zamanda, müalicənin gedişatından çox razıyıq. Nəvəmin qüsurunun aradan qalxacağına inanır və bir nənə olaraq, göydə Allaha, yerdə Sizə dua edirəm.

Onu da deyim ki, Uğurun atası Birinci Qarabağ müharibəsi iştirakçısıdır, Sizin qayğınızı öz üzərində hiss edən vətəndaşlardan biridir. Onun da fikri belədir ki, əgər ölkəmizdə uşaqların müalicəsi üçün belə bir şərait yaradılmasaydı, onda biz nə edərdik?!

Cənab Prezident, xalqımıza göstərdiyiniz qayğıya görə Sizə və nəvəmin müalicəsində əməyi olan həkimlərimizə şəxsən öz dərin minnətdarlığımı bildirirəm.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Əhmədova Arzu

Azərbaycan Respublikası, Şəki şəhəri.