Tural Əzizovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz güclü siyasi iradə ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə Cənubi Qafqaz regionunda Azərbaycanın timsalında iqtisadi, siyasi və yenilməz hərbi güc yaratmağa nail oldunuz və məhz bu amillərin vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, ölkəmizin həyatında, beynəlxalq münasibətlərdə yeni səhifə açdı, bölgədə, ümumilikdə dünyada yeni reallıqlar yaratdı.
Siz ata vəsiyyətini şərəflə yerinə yetirdiniz, xalqa, o cümlədən məcburi köçkünlərə verdiyiniz vədi əməli fəaliyyətinizlə reallığa çevirdiniz, güclü Azərbaycan yaradaraq 44 günlük Vətən müharibəsində haqqında əsrlərlə danışılacaq müharibə taktikasını nümayiş etdirməklə düşməni diz çökdürdünüz, işğalçı Ermənistanı və ona havadarlıq edənləri yeni reallıqlarla barışmağa məcbur etdiniz. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qalib Lider, qalib sərkərdə kimi adınızı əbədi olaraq tarixə yazdırdınız, Vətən müharibəsinin əsl qəhrəmanına çevrildiniz.
Möhtərəm Prezidentimiz, Siz türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Lidersiniz. Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız bütövlükdə Azərbaycan xalqının mübarizliyinə, cəsarətinə, müzəffər Ordusunun Qələbəsinə verilən yüksək qiymətdir. Ağdərə rayonu Umudlu kənd sakini olaraq şəxsim və ailəm adından Azərbaycanımızın çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni uğurlar diləyirəm.
Hörmətlə,
Əzizov Tural Urfan oğlu
Azərbaycan Respublikası, Tərtər şəhəri.