25 noyabr 2021, 13:50

Ela Əzizovadan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız bütövlükdə Azərbaycan xalqının mübarizliyinə, cəsarətinə, müzəffər Ordusunun Qələbəsinə verilən yüksək qiymətdir. Bu, eyni zamanda, türk dünyasının birlik və həmrəylik rəmzidir. Ümumiyyətlə, bu ali mükafatın təsis edilməsi və onun ilk nüsxəsinin Qarabağ Zəfərinə həsr edilməsi tarixi hadisədir. Tarixdə ilk dəfədir ki, türk dünyası birlikdə orden təsis edir və onun da ilk sahibi Sizsiniz. Bu tarixi hadisə bir daha göstərir ki, keçmiş Qarabağ münaqişəsi yalnız Azərbaycanı deyil, bütün türk dünyasını narahat edən problem olub. Sizin Türk Dünyasının Ali Orden ilə təltif olunmağınız türk dünyası qarşısında xidmətlərinizə verilən ədalətli qiymətdir. İstər Türk Şurasının yaranması, istərsə də bu təşkilatın genişlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində Sizin gördüyünüz işlər olduqca strateji əhəmiyyət kəsb edib.

Sizin türk dünyası qarşısında ən böyük xidmətlərinizdən biri yüz il əvvəl pozulmuş vahid etnosiyasi coğrafiyanın fiziki bütövlüyünü bərpa etməyinizdir. Sizə təqdim edilən Türk Dünyasının Ali Ordenini Azərbaycan xalqının adından qəbul etdiniz və bu Ordenin məhz xalqımıza verildiyini dediniz. Bu, bir milli Liderin öz xalqı ilə bütövlüyünün təcəssümü idi. Şəxsən özümün və ailəmin adından Azərbaycanımızın çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Ela Əzizova

Azərbaycan Respublikası, Tərtər şəhəri.