23 noyabr 2021, 10:00

Ağasən İsmayılovdan, Sabirabad, Azərbaycan


Möhtərəm cənab Prezident,

Sizi 44 günlük Vətən müharibəsində qazandığınız möhtəşəm Qələbə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sizə təqdim etdiyi “Türk Dünyasının Ali Ordeni”nə layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, Uca Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram.

Bu Ordenin təqdimatının Azərbaycan xalqının tarixi bir gününə - Azərbaycan Respublikası Konstitusiyasının qəbul edildiyi günə təsadüf etməsi xüsusilə əlamətdar oldu.

Yeraltı və yerüstü zəngin sərvətlərə malik, dünya siyasətçilərinin maraq dairəsində olan, torpaqları işğal olunmuş bir ölkəni – Azərbaycanı möhkəm yumruq kimi birləşdirmək hər oğulun hünəri deyildir. Siz bunu bacardınız. Siz Azərbaycan xalqının düşünən beyni, döyünən ürəyi, gözünün nurusunuz.

Türkdilli dövlətlərin başçıları arasında ilk dəfə bu Ali Mükafata layiq görülməklə qalib Azərbaycan xalqının qalib Rəhbəri kimi hər bir azərbaycanlının könlünü fəth edib xalqımızı səmalara qaldırdınız. Müzəffər Ali Baş Komandan kimi o rəhbərlərin sırasında məğrur duruşunuzla bütün türk dünyasının Fatehinə çevrildiniz. Eşq olsun belə oğulu dünyaya gətirən Anaya, eşq olsun belə oğulu Azərbaycan xalqına bəxş edən Ataya. Qəbirləri nurla dolsun!

Siz ata vəsiyyətini yerinə yetirməklə həm valideynləriniz qarşısında, həm də çox sevdiyiniz Azərbaycan xalqı qarşısında vəzifənizi layiqincə yerinə yetirdiniz, həm özünüzü, həm də xalqımızı əbədi xoşbəxtliyə qovuşdurdunuz. Özünüzün də dediyi kimi, Azərbaycan heç vaxt bugünkü qədər güclü və qüdrətli olmamışdır. Azərbaycan tarixini az-çox vərəqləyən hər bir azərbaycanlı bu fikri qeyd-şərtsiz təsdiq edir.

Qoy, həmişə Uca Tanrı Sizi hifz etsin!

Sizi zirvələrə aparan Zəfər yolunuz həmişə açıq olsun!

Sabirabad Dövlət Sosial Kollecinin kollektivi adından hörmətlə,

İsmayılov Ağasən Ağakərim oğlu, Kollecin müəllimi

Azərbaycan Respublikası, Sabirabad şəhəri.