Fuad Əliyev və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi milli qürurumuzun təntənəsinə çevrilən 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, bu tarixi qələbəni bizə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin əzminiz və möhkəm iradəniz, səbriniz və təmkininiz, düşünülmüş daxili və xarici siyasətiniz, zərgər dəqiqliyi ilə hesablanmış addımlarınız Azərbaycanı qələbəyə apardı. Siz dəfələrlə “Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq” - deyərək Ermənistanı öz təcavüzkar siyasətindən əl çəkməyi, BMT-nin, ATƏT-in, Avropa Parlamentinin qərarlarını yerinə yetirməyi təklif etməyinizə baxmayaraq, Ermənistan yenə də öz xəyanətkar siyasətini davam etdirmişdir. Siz daim torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunmasına dair çağırışlar etməyinizə baxmayaraq, təcavüzkar dövlətin qərəzli mövqeyi səbəbindən beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə haqqımızdan istifadə etdiniz və 30 il əsarətdə qalmış torpaqları müdrik və qətiyyətli addımınızla 44 gün ərzində qəsbkarlardan azad etdiniz. Beynəlxalq birlik bu haqsızlığa göz yumsa da, Azərbaycan sadəcə olaraq yalnız öz milli maraqlarını deyil, eyni zamanda dünya nizamını və dəyərlərini pozan bu ədalətsizlik qarşısında səssiz qala bilməzdi.
Müzəffər Ali Baş Komandan, milli birliyin əsasında yaratdığınız “dəmir yumruq” qəsbkar ermənilərin alınmaz qala adlandırdıqları “Ohanyan səddi”ni qısa müddətə darmadağın edərək erməni ordusunu məğlub etdi. Qələbənizin şah zirvəsi olan Şuşa əməliyyatı bütün dünya hərbçiləri tərəfindən öyrənilir və yeni strateji xətt olduğu qəbul edilir. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın azad edilməsi ilə bütün Qarabağ azaddır. Respublikanın hər yerində olduğu kimi, Zəfər Günü Gəncə şəhərində də böyük təntənə ilə qeyd olundu. Azərbaycanın üçrəngli dövlət bayrağı ilə bəzədilmiş şəhər küçələrində əsl bayram coşqusu yaşanıldı.
Hörmətli cənab Prezident, Azərbaycan tarixində misilsiz qələbələr qazandığınız, haqq-ədaləti bərpa edərək torpaqlarımızı düşmən tapdağından təmizlədiyiniz, Azərbaycan xalqına Zəfər sevincini yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü çatdırırıq.
Gəncə şəhərinin ictimaiyyət nümayəndələri adından dərin hörmətlə,
Fuad Əliyev - Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü
İbrahim Cəfərov - AMEA-nın müxbir üzvü, professor
Yusif Yusibov - Əməkdar müəllim, professor
Həsənbala Sadıqov - Əməkdar müəllim, professor
Mehman Rzayev - Əməkdar həkim
Ramil Qasımov - Paralimpiya çempionu
Məmmədəli Balayev - Xalq artisti
Pərvanə Qurbanova - Xalq artisti
Elxan Abbasov - Əməkdar artist
Elnur Həsənov - Gənclər üçün Prezident mükafatçısı
Azərbaycan Respublikası, Gəncə şəhəri.