Füzuli Rzaquliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin çox dəyərli – “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız 83 minlik veteranlar ordusu tərəfindən coşqu ilə qarşılandı. Müharibə veteranları adından bu ali mükafatın Sizə verilməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin bu Ordenlə təltif olunmağınız türk dünyası qarşısındakı xidmətlərinizə verilən ədalətli qiymətdir. Azərbaycan Liderinin istər Türk Şurasının yaranması və fəaliyyətinin təşkili, istərsə də bu təşkilatın genişlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində gördüyü işlər strateji əhəmiyyət kəsb edir. Əbəs deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Ordeni Sizə təqdim edərkən Sizi Müzəffər Ali Baş Komandan adlandırdı və Qarabağda təxminən 30 il davam edən işğala məhz Sizin qətiyyətli rəhbərliyinizlə 44 gündə son qoyulduğunu bildirdi. Türkiyə Lideri bunun təkcə azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı.
Siz hakimiyyətdə olduğunuz illərdə yürütdüyünüz siyasi dəsti-xətt və qarşıya qoyduğunuz hədəflərə çatmağınız dünya siyasi arenasında bir siyasi Lider kimi nüfuzunuzu artırmış və türk dünyası liderlərinin iştirakı ilə verilən bu mükafat türk dünyasında Sizin aparıcı rolunuzu bir daha təsdiqləmişdir.
Müzəffər Ali Baş Komandanımıza təqdim edilən Ali Ordeni Azərbaycan xalqının adından qəbul etməsi Liderin öz xalqı ilə birliyinin bir daha təsdiqidir. Həqiqətən də “Biz birlikdə güclüyük!” və “Biz daim Sizinləyik!”.
Biz Sizinlə fəxr edirik və “Türk Dünyasının Ali Ordeni”nin ilkin olaraq Sizə verilməsi ilə qürur duyuruq!
Tanrı Sizi qorusun!
Hörmətlə,
Füzuli Rzaquliyev,
“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.