15:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Hörmətli dostlar, hörmətli xanımlar və cənablar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hörmətli həmsədrləri, hörmətli iştirakçılar. Sizin hamınızı salamlayıram. Bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirmək istəyirəm.
Mərkəzin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə biz burada - Bakıda belə geniş təqdimatların olacağını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, birinci növbədə onu göstərir ki, COVID ilə bağlı vəziyyət yaxşılaşır. İkinci növbədə isə, əlbəttə ki, həmçinin onu göstərir ki, siz bu tədbirə böyük əhəmiyyət verirsiniz. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.
Əvvəlcə, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, xanım Prezident Vayra Vike-Freyberqaya və cənab Serageldinə Mərkəzə mükəmməl rəhbərlik etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Hətta pandemiya dövründə onların fəaliyyəti çox nəzərə çarpırdı. Məhz onların rəhbərliyi, Mərkəzə və onun ideallarına sadiqliyi sayəsində bu Mərkəz, qeyd etdiyim kimi, aparıcı beynəlxalq təsisatlardan birinə çevrildi. Mən, həmçinin İdarə Heyətinin üzvlərinə onların verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin daimi üzvlərə və iştirakçılara da təşəkkür edirəm.
İdarə Heyətinin üzvləri ilə dünən müzakirə etdiyimiz kimi, bura sanki böyük və mehriban ailədir. Hesab edirəm ki, bu da bizim uğurumuzun səbəblərindən biridir. Sadəcə, bu gün olan iştirakçıların, çıxışçıların, Foruma müraciət edəcək mötəbər şəxslərin siyahısına baxmaq kifayət edər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nisbətən qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan çox azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyini deyək. Beləliklə, bugünkü Qlobal Bakı Forumunda gündəlikdə duran təxirəsalınmaz məsələlər müzakirə olunacaq.
Lakin bu məsələlərin müzakirəsindən öncə məmnunluq hissi ilə bildirmək istəyirəm ki, dünən mənə bu il 880-ci ildönümünü qeyd etdiyimiz Nizamiyə həsr olunmuş iki kitab təqdim edilmişdir və mənim Prezident Fərmanıma əsasən bu dahi Azərbaycan şairinin xatirəsini uca tutmaq üçün bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Bugünkü Forumun gündəliyi çox genişdir. Lakin mən, əvvəlcə, bir neçə məsələyə toxunmaq istərdim.
Birincisi, əlbəttə ki, pandemiya ilə bağlıdır. Çünki bu indi qlobal gündəlikdə bir nömrəli məsələdir. Biz pandemiya, bəziləri isə postpandemiya dövrü haqqında danışır. Bizim artıq postpandemiya dövründə olduğumuz aydın deyil. Çünki müxtəlif ölkələr bu məsələyə fərqli yanaşır. Sizə məlumat vermək istəyirəm ki, Azərbaycan bu xəstəliyin, böhranın baş qaldırdığı vaxtdan, lap əvvəldən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atmışdır. Biz bu ilin yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başladıq. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində biz ümumi çarpayı sayı demək olar ki, 4 min olan 13 yeni dövlət xəstəxanası açdıq və ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılmışdır. İndi bizdə qapanma yoxdur. Vəziyyət nəzarət altındadır. Yeganə məhdudiyyət ondan ibarətdir ki, biz daxili məkanlarda maska taxmaq məcburiyyətindəyik. Ümidvaram ki, biz vəziyyəti nəzarət altında saxlaya biləcəyik.
Eyni zamanda, biz, həmçinin əvvəllər olan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər gördük. Biz işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırdıq və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. Biz bunu etməyə davam edəcəyik, çünki biz özlərini tamamilə yeni bir vəziyyətdə görən insanların üzərinə düşmüş yükü azaltmalıyıq. Biz əsasən iki peyvənddən istifadə edirik. “Sinovac” və “Pfizer”dən. Qeyd etdiyim kimi, peyvəndləmə səviyyəsi yüksəkdir. Bu, əlbəttə ki, dövlət siyasəti sayəsində mümkün olmuşdur. Eyni zamanda, bildirmək istərdim ki, əhalimizin bu məsələyə çox məsuliyyətlə yanaşması bizdə məmnunluq doğurur və peyvəndləmə məcburi deyil. Bizdə hər hansı bir antipeyvəndləmə kampaniyası və ya hətta antipeyvəndləmə tendensiyası yoxdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu, bizim işimizi xeyli asanlaşdırır. Qlobal miqyasda Azərbaycan, həmçinin çox fəal addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il bizim təşəbbüsümüzlə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi.
Qoşulmama Hərəkatının Sammitində biz BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdik və bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir və bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutdu.
Bu, bizim qlobal məsələlərin müzakirəsinə olan töhfəmiz idi. Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük. Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək.
Toxunmaq istədiyim digər bir mövzu, Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzudur – Ermənistan–Azərbaycan münaqişəsi. Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib ki, ötən il ərazilərimizi azad edərkən gördüyümüz işlər buna tam uyğun idi.
Təəssüf ki, Ermənistan yalnız status-kvonu möhkəmləndirmək, danışıqlar formatını yalnız münaqişənin əbədi dondurulması aləti kimi istifadə etməyə cəhd edirdi. Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi. Bununla bağlı kifayət qədər sübut var. Təkcə Ermənistanın hazırkı baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində iki il əvvəl verdiyi bəyanatı qeyd etmək kifayət edər – “Qarabağ Ermənistandır və nöqtə”. Bu, əslində, danışıqların sonu idi. Birincisi, bu ziddiyyətli və yalan bəyanat idi, çünki Ermənistan rəhbərliyi iddia edirdi ki, Qarabağ “müstəqil dövlətdir”. Halbuki Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsi onu tanımamışdı. Digər tərəfdən isə onlar deyirdilər ki, “Qarabağ Ermənistandır”. Yəni bu ziddiyyət Ermənistanın ötən il üzləşdiyi rüsvayçı məğlubiyyətlə nəticələnən təzadlı siyasətinin göstəricisi idi.
Beləliklə, bu qəbildən olan bəyanatlar danışıqların sonu oldu. Mənim təəssüratıma əsasən, ATƏT-in Minsk qrupunun həmsədrləri də bu bəyanatdan təəccüblənmiş və pərt olmuşdular, çünki artıq onların görə biləcəyi bir iş qalmamışdı.
Digər bir bəyanat, Ermənistanın o zamankı müdafiə naziri tərəfindən verilmişdir. O, açıq şəkildə bəyan edirdi ki, Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Yəni, Azərbaycanın daha çox ərazisini işğal etməklə bağlı aşkar hədələmə. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri səssiz qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı hətta mesaj belə vermədilər. Ermənistan rəhbərliyinin atdığı bir sıra digər addımlar və verdiyi bəyanatlar Azərbaycanı təhrik etməyə yönəlmişdi. Mən separatçıların qondarma “prezidentinin” Şuşada keçirilən dırnaqarası “inauqurasiyasını” qeyd edə bilərəm. Bu, azərbaycanlıların hisslərinin açıq şəkildə təhqiri idi.
Mən, həmçinin separatçıların dırnaqarası “parlamentinin” Xankəndidən Şuşaya keçirilməsi haqqında Ermənistanın qərarı barədə deyə bilərəm. Bu, azərbaycanlıların hisslərinə növbəti təhqir idi. Ermənistan rəhbərliyi başa düşməli idi ki, xalqımızın hisslərini təhqir etmək iqtidarında deyillər. Hər səbrin hüdudu var.
Sonra, 2020-ci ilin iyulunda onlar sərhəddə açıq hərbi təxribata əl ataraq, mülki şəxslərimizi və hərbçilərimizi qətlə yetirdilər. 2020-ci ilin avqustunda diversiya qrupu göndərdilər ki, terror aktı törətsinlər. O qrup zərərsizləşdirildi. Son olaraq sentyabrda onlar Azərbaycanın dinc kəndlərini atəşə tutmağa başladılar.
Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi 44 gün çəkdi və Ermənistan ordusunun tam məğlubiyyəti ilə bitdi. Ermənistan bizim şərtlərimizi qəbul etməyə məcbur edildi. Müharibənin ilk günlərində deyirdim ki, Ermənistanın baş naziri mənə işğal olunmuş ərazilərdən çıxmaq tarixlərini verəndən sonra biz dayanmağa hazırıq.
Ermənistan rəhbərliyinə təxminən 7000 qurban və 44 gün lazım gəldi ki, özünün tam acınacaqlı vəziyyətdə olduğunu başa düşsün. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Biz öz sözümüzü yerinə yetirdik. İşğal olunmuş qalan ərazilərdən çıxmaq cədvəli verildikdə müharibə dayandı. Dörd gün sonra Azərbaycan xalqı tarixi Qələbəmizin birinci ildönümünü qeyd edəcək.
Azad edilmiş ərazilərdə biz nəyi gördük? Tam dağıntılar baş verib, bir dənə olsun bina salamat qalmayıb. İşğal illəri ərzində onlar bütün tarixi abidələri, 67 məsciddən 65-ni dağıdıblar. Evləri, həyətləri, ictimai binaları və sair tikililəri yerlə-yeksan ediblər. Bu, barbarlığın sübutudur.
Hazırda biz azad edilmiş əraziləri fəal şəkildə bərpa edirik. Genişmiqyaslı bərpa proqramına başlanılıb. Əminəm ki, qısa müddət ərzində biz Ermənistanın işğalından əziyyət çəkmiş məcburi köçkünləri, bir milyondan çox insanı həmin yerlərə qaytara biləcəyik. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. Siz öz məqsədinizə sadiq olmalısınız, yaxşı hazırlaşmalısınız, beynəlxalq hüquq çərçivəsinə malik olmalısınız və insanların yüksək səviyyədə iradəli olmasına nail olmalısınız. Bütün həmin meyarlar, o cümlədən hərbi imkanlarımız münaqişənin həllində əsas amil oldu. Hazırda münaqişə bitib və qeyd etdiyim kimi, yenidənqurma başlayıb. İndi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik.
Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb.
Təxminən 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Bu barədə müxtəlif təkliflər var. Ola bilsin, siz onlar haqqında eşitmisiniz. Hesab edirəm ki, hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır. Bu gün bir daha deyirəm ki, biz hazırıq, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq. Görəcəksiniz ki, Ermənistandan cavab gəlməyəcək. Demək olar ki, bir ildir susurlar. Hesab etmirəm ki, hazırda onlar Azərbaycanın konstruktiv təklifinə qarşı çıxmaq mövqeyində deyillər. Əgər, onlar əvvəlki danışıqlar illərində bizi dinləsəydilər, özlərini normal insan kimi aparsaydılar, bugünkü vəziyyətə düşməzdilər.
Vaxtınızı çox almayaraq, digər sonuncu məsələni də qeyd etmək istərdim, çünki o, ötən ilin kölgəsində qalan məsələ oldu. Lakin o, tək bizim üçün deyil, bütün region üçün əhəmiyyətlidir. Bu, Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılmasıdır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün həqiqətən tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. O, şaxələndirmənin mühüm alətidir. Cənub Qaz Dəhlizinə gəldikdə isə, söhbət nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsindən gedir. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib - Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir. Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu, göstərir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi, – hazırda tək nefti deyil, qazı da ixrac edirik, – gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq.
Bununla mən çıxışımı bitirmək istəyirəm və çox vaxt almamaq məqsədilə sizə bizimlə olduğunuza görə bir daha təşəkkürümü bildirirəm və Foruma uğurlar arzulayıram.
Sağ olun.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat...
18 dekabr 2024, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...
18 dekabr 2024, 14:34Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Qətər dostluq və əməkdaşlıq...
18 dekabr 2024, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...
17 dekabr 2024, 17:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...
17 dekabr 2024, 17:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...
16 dekabr 2024, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:17