“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından Sizə tariximizə şərəfli gün kimi yazılmış 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuruq. Siz ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək böyük zəhmətinizlə torpaqlarımızı işğaldan azad etdiniz. Məhz Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan xalqı, rəşadətli ordumuz onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoydu, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ikili standartları zərərsizləşdirdi.
Bu şanlı Zəfər birliyin, dönməzliyin və əyilməz iradənin rəmzi kimi Azərbaycanımızın, eləcə də bütün türk dünyasının tarixinə qızıl hərflərlə əbədi həkk olundu.
Azərbaycan xalqının düşüncə və fikir birliyinin yüksək səviyyəyə qalxmasına imkan verən, regionda faydalı əməkdaşlığa yeni üfüqlər açan möhtəşəm Zəfər münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirik. Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza əmin-amanlıq, tərəqqi, firavanlıq arzulayırıq.
Hörmətlə,
Arif Quliyev
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri,
hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi,
Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki