06 noyabr 2021, 12:30

Mehdi Mehdiyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri adından Sizi səmimi qəlbdən salamlayır, 8 Noyabr - Zəfər günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimizin çiçəklənməsi, qüdrətinin daha da artırılması, Cənubi Qafqaz regionunda sülhün bərpa olunması istiqamətində fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz və biz hər birimiz Sizin rəhbərliyiniz altında Vətənə, xalqa, dövlətə ləyaqətlə xidmət etməkdən böyük qürur duyuruq.

Azərbaycan xalqı və Türk dünyası böyük sevinc içərisindədir. Siz həm siyasi müstəvidə, həm də döyüş meydanında qalib gəlmək üçün güc və qabiliyyətinizdən istifadə edib, ulu öndər Heydər Əliyevin davamçısı kimi Azərbaycan dövlətini və xalqını işğal zülmündən azad edib, Silahlı Qüvvələrimizin köməyi ilə Azərbaycan xalqını dünyada zəfər çalan xalq kimi tanıtdınız. Uzun illərdir ki, Azərbaycan xalqı ermənilərin soyqırımına məruz qalmış, bir milyona yaxın soydaşımız qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur olmuşdur. Uğurla həyata keçirdiyiniz siyasətiniz və insan amilini çox yüksək qiymətləndirməyiniz sayəsində torpaqlarımız düşmən işğalından azad olundu və bütün Türk dünyasına sevinc bəxş etdiniz. Sizin uzaqgörən siyasətiniz nəticəsində 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var.

Möhtərəm cənab Prezident, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan, Sizin də yeni müstəvidə davam etdirdiyiniz sosial siyasət, imzaladığınız fərman və sərəncamlar şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sevincinə və onların sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşmasına səbəb olur. Bu xeyirxah işlərinizə görə də hər zaman Sizə minnətdarıq. Sizə bir daha sarsılmaz inamımızı və birmənalı dəstəyimizi ifadə edir və tarixi torpaqlarımızı düşməndən azad etdiyinizə görə öz minnətdarlığımızı bildiririk. Biz ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqik və Sizin əmrlərinizə müntəzir, əqidəsindən dönməyən əsgərlərinizik.

Yaşasın rəşadətli Ordumuz!

Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!

Səmimi hörmət və ehtiramla,

Mehdi Mehdiyev

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.