29 oktyabr 2021, 12:04

Qalib Quliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, qalib Ordunun Müzəffər Ali Baş Komandanı.

Mən bir Xocalı gənci kimi Sizinlə fəxr hissi duyur, Vətən müharibəsində müzəffər Ordumuzun, düşmənin başını əzən "dəmir yumruğ"un və həmrəy xalqımızın qəhrəmanlıq salnaməsinin bədii ifadəsini aşağıdakı şerimlə bildirmək istəyirəm.

Tarixə yazıldı Vətən savaşı

Dözümü poladdan bərk olan xalqın,

Amalı özünə dərk olan xalqın,

Döyüşkən, qeyrətli türk olan xalqın,

Orduya çevrildi hər vətəndaşı,

Tarixə yazıldı Vətən savaşı!

Vulkantək püskürüb qalxdı ayağa,

Bir qığılcım döndü sönməz ocağa.

Türkiyə bənzəyir uca bir dağa,

Güc verib qoruyur qardaş qardaşı,

Tarixə yazıldı Vətən savaşı!

Qəhrəman oğullar dastana döndü,

Ürəklər bir oldu, birgə döyündü.

Düşmənlər çatladı, dostlar öyündü,

Gördü gücümüzü o mənfur naşı,

Tarixə yazıldı Vətən savaşı!

Ruhumuz fərəhdən dönüb qartala,

Yetişdik vüsala, çatdıq amala.

Son qoyduq qarətə, bunca işğala,

Azaddır yurdumun torpağı, daşı,

Tarixə yazıldı Vətən savaşı!

Hökmü var hər sözün, hər zamanın da,

Hesablar soruldu haqq anında.

Ordumuz dərs keçdi ər meydanında,

Silinməz düşmənin qanlı yaddaşı,

Tarixə yazıldı Vətən savaşı!

Bir vaxt Xətainin güclüydü qolu,

İndisə İlham var hünərlə dolu.

“Dəmir yumruğ”udur haqqın simvolu,

Düşmənin bir yolluq əzildi başı,

Tarixə yazıldı Vətən savaşı!

Hörmətlə,

Qalib Quliyev

"Xocalının səsi" qəzetinin redaktoru, Xocalı rayon gənci

Azərbaycan Respublikası, Gəncə şəhəri.