13 oktyabr 2021, 13:36

Assol Moldokmatovadan, Bişkek, Qırğızıstan

Hörmətli cənab Prezident,

Bir il bundan qabaq Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üzrə hərbi əməliyyat başlandı. Biz, Qırğızıstandakı “Azərbaycanın Dostları” Klubunun üzvləri, ölkəmizin bütün ictimaiyyəti kimi, Azərbaycanın Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı olaraq Sizin qətiyyətlə qəbul etdiyiniz qərarları dəstəkləyirik.

Bütün dünya Azərbaycanın onilliklər ərzində ədaləti sülh və diplomatik yollarla bərpa etməyə çalışdığının şahididir. Hər bir xalq üçün Vətənin toxunulmazlığından və bütövlüyündən daha müqəddəs bir şey yoxdur. Buna görə də bəzən qəti, o cümlədən güc tədbirləri görmək məcburiyyəti yaranır.

Bu münaqişədəki Qələbəniz bütün dünyaya Azərbaycan Ordusunun mənəvi ruhunun, hazırlığının, döyüş bacarığının yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı isə bir nəfər kimi vətənpərvərlik, dözümlülük və iradə nümayiş etdirərək öz Prezidentinin və Ordusunun ətrafında birləşdi.

Cənab Prezident, Siz görkəmli milli lidersiniz, ölkənizin təhlükəsizliyinin və bütövlüyünün etibarlı əllərdə olduğunu bir daha təsdiqlədiniz. Azərbaycan Ordusunun parlaq Qələbəsi və işğal olunmuş ərazilərinin azad olunması bu əməliyyatın nəticəsidir.

Qırğızıstandakı “Azərbaycanın Dostları” Klubunun prezidenti kimi mən yaxın günlərdə ölkənizə səfər etdim, azad olunmuş Qarabağda və ölkənin şimal rayonlarında oldum. Ərazilərin münaqişədən sonrakı bərpasının məsuliyyətlə, operativ və keyfiyyətlə aparılmasına heyran oldum. Yollar tikilir və təmir olunur, elektrik və qaz xətləri çəkilir, evlər bərpa olunur və yeniləri tikilir, müsəlman və xristian tarixi abidələri restavrasiya olunur.

Əminik ki, qısa zaman ərzində Qarabağa mülki əhali qayıdacaq və vaxtilə zorla alınmış Azərbaycan torpaqlarında doğma dövlətin tərkibində yeni, dinc, mükəmməl həyat başlanacaq.

Hörmətli cənab Prezident!

Münaqişənin bitməsinin Qırğız-Azərbaycan münasibətlərinin əsl dönüş vaxtı ilə üst-üstə düşməsi bizi sevindirməyə bilməz. Bizim ölkələrimiz ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı qarşılarına məqsəd qoymuşdur. Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevin Azərbaycana səfəri bu istiqamətdə çox faydalı idi. Ölkənizin böyük dostu və Qarabağ problemi üzrə tanınmış ekspert Kayrat Osmonəliyevin Azərbaycana Qırğız Respublikasının səfiri təyin olunması bu münasibətlərin inkişafına yeni təkan verəcək.

Qırğızlar da, azərbaycanlılar da ümumi bir əcdadın, Türk Atanın uşaqlarıdır. Biz ümumi etnik köklər, oxşar tarix, mədəniyyət, dil və ənənələrə malikik. Bizim dost dövlətlərimizin bənzər məqsədləri - ölkələrimizin davamlı və təhlükəsiz inkişafı, xalqlarımızın layiqli həyatı üçün şəraitin təmin edilməsi, türk birliyi və əməkdaşlığının möhkəmləndirilməsidir. Qoy bu nəcib işdə bizi ulu əcdadlarımızın Manas Ata və Qorqud Atanın ruhu dəstəkləsin!

Hörmətlə,

Assol Moldokmatova,

Qırğızıstandakı “Azərbaycanın Dostları” Klubunun prezidenti,

“Çingiz Aytmatov adına İssık-Kul Forumu”nun Baş katibi.

Qırğız Respublikası, Bişkek şəhəri.