13 sentyabr 2021, 18:20

Reyhan Muradovadan, Siyəzən, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin qətiyyətiniz, siyasi iradəniz 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində ən şərəfli səhifələrdən biri kimi yazıldı. Məhz Sizin, Ali Baş Komandanımızın sərkərdəlik məharəti, cəsarət, inam və gücü xalqımızla birləşərək bizi Qələbəyə apardı.

Dünya birliyinə bəlli oldu ki, Azərbaycan qalib ölkədir. Biz 30 illik ağrı-acılara son qoyan uğurlarımızı Xalq-Prezident-Ordu vəhdətinin, birliyinin nəticəsi kimi yüksək qiymətləndiririk. Sizin ailənizlə birlikdə Qarabağa səfərlərinizi diqqətlə izləyirik. Erməni faşistləri tərəfindən dağıdılmış evləri, yerlə-yeksan edilmiş mədəniyyət abidələrini görəndə ürək ağrısı keçirsək də böyük qürurla sabaha boylanırıq. Hazırda Qarabağda böyük quruculuq və misli görünməmiş bərpa işlərinə start verilmişdir. Müharibədən qısa müddət keçməsinə baxmayaraq nə qədər əzəmətli işlər görüldüyünün şahidləriyik. Bu barədə Sizin nitq və çıxışlarınızda diqqətə çatdırdığınız məqamlar, oxuduqlarımız, televiziya ekranlarında gördüklərimiz hər birimizin qəlbini riqqətə gətirir. Qarabağın gözü Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalına mən televiziya ekranlarından baxdım. Həmin günlərdə dünyanın gözü Qarabağa, Şuşaya dikilmişdi. Bu, o deməkdir ki, biz Şuşanın əvvəlki şöhrətini tezliklə özünə qaytaracağıq.

Müzəffər Ali Baş Komandan, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına qayğı və diqqət məsələsinə bu gün ölkəmizin hər yerində mühüm bir vətəndaşlıq borcu kimi yanaşılır. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır. Onların dövlətimizə və Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır. Bu il ilk dəfə idi ki, 26 iyun - Silahlı Qüvvələr Günündə şəhidlərin ruhu şad oldu. Bu tarixi gündə onların uğrunda şəhid olduqları torpaqlarımızın hər qarışında üçrəngli Azərbaycan Bayrağı dalğalanırdı. Milyonların nəzəri mavi ekranlara dikilmişdi. İlk dəfə idi ki, biz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi, Qalib Sərkərdənin, Müzəffər Azərbaycan Ordusunun Bakının Azadlıq Meydanındakı Zəfər paradını kövrək notlarla, sevinc göz yaşlan, həm də böyük qürur və iftixarla izlədik. Biz hamılıqla əminik ki, bundan sonra da Azərbaycanı Sizin, yenilməz Sərkərdəmizin rəhbərliyi ilə daha böyük tarixi qələbələr, uğurlar gözləyir. Bu gün müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda möhtəşəm quruculuq işləri aparılır.

Hörmətli cənab Prezident, indi əldə edilmiş tarixi Qələbəmizi göz bəbəyimiz kimi qoruyub saxlamaq hər birimizin müqəddəs borcu, başlıca amalı, həyatımızın əsas qayəsi, məramı və məqsədidir. Biz, siyəzənlilər, böyük əminliklə bildiririk ki, Sizin siyasətiniz xalq tərəfindən rəğbətlə dəstəklənir, Sizin siyasətinizə böyük inam var. Bu məğlubiyyət Ermənistan üçün dərs olmalıdır. Sizin söylədiyiniz kimi, “Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz”. Sizin “Dəmir yumruq yerindədir” xəbərdarlığı düşmənə və onun havadarlarına ciddi mesajdır.

Allah Sizi, cəsur xalqımızı və qüdrətli dövlətimizi, bütün türk dünyasını qorusun.

Hörmətlə,

Reyhan Muradova

Azərbaycan Respublikası, Siyəzən şəhəri.