Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Bu Qanunun əhatə dairəsi
Bu Qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.
Maddə 2. Əsas anlayışlar
2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. enerji (enerji resursları) – bütün növ enerji məhsulları, o cümlədən yanacaq növləri, bərpa olunan enerji, elektrik, istilik, su enerjisi və digər enerji formaları;
2.1.2. enerji effektivliyi – məhsulun (işin, xidmətin) və ya enerjinin istehlak olunan enerjiyə nisbəti;
2.1.3. təsərrüfat subyekti – hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
2.1.4. enerji resurslarından səmərəli istifadə – ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarının (enerjinin) iqtisadi cəhətdən daha faydalı istifadəsi;
2.1.5. enerji effektivliyi üzrə tədbirlər – enerji resurslarından səmərəli istifadəyə yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusu;
2.1.6. enerjiyə qənaət – enerji effektivliyi üzrə tədbirlərin tətbiqi nəticəsində istehlak olunan enerji miqdarının azaldılması;
2.1.7. enerji auditi – enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə qeyri-yaşayış sahələrinin və təsərrüfatların qiymətləndirilməsi;
2.1.8. enerji auditoru – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən və enerji auditini həyata keçirən, energetika və iqtisadi sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan fiziki şəxs;
2.1.9. enerji effektivliyi üzrə xidmətlər – istehlak olunan enerjinin həcminin ölçülməsi, təhlili və səmərəliliyin qiymətləndirilməsi, habelə enerji effektivliyi üzrə tədbirlərin tətbiqi ilə bağlı xidmətlərin məcmusu;
2.1.10. enerji istehlakı üzrə məhsulların etiketlənməsi – enerji və digər resurslarından istifadənin effektivliyinin səviyyəsi barədə istehlakçının enerji etiketi vasitəsilə məlumatlandırılması;
2.1.11. enerji etiketi – enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların enerji istehlakı həcminə dair sənəd;
2.1.12. enerji menecmenti sistemi – enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan daimi enerji idarəetmə sistemi;
2.1.13. enerji idarəçisi (meneceri) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verən, energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan, enerjidən səmərəli istifadəyə cavabdeh fiziki şəxs;
2.1.14. ağıllı sayğac – istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazı;
2.1.15. kogenerasiya – bir proses çərçivəsində istilik enerjisi ilə elektrik və ya mexaniki enerjinin eyni zamanda yaradılması;
2.1.16. kogenerasiya qurğusu – kogenerasiya rejimində işləyə bilən qurğu;
2.1.17. yüksək effektiv kogenerasiya qurğusu – istilik və elektrik enerjisinin ayrılıqda istehsalı ilə müqayisədə ilkin enerji resursuna ən azı 10 faiz qənaət edən kogenerasiya qurğusu;
2.1.18. ekoloji dizayn tələbi – enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsulun ətraf mühitə təsir göstəricilərinin ekoloji tələblərə uyğunluğunu təmin etmək üçün məhsula və ya onun konstruksiyasına dair tələblər;
2.1.19. ekoloji dizayn – ekoloji dizayn tələblərinin enerji istehlak edən və ya enerji istehlakına təsir göstərən məhsulun dizaynına inteqrasiyası;
2.1.20. effektivlik potensialı – texniki cəhətdən mümkünlüyü və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınmaqla enerji effektivliyi üzrə tədbirlərin tətbiqi nəticəsində qənaət oluna biləcək enerjinin miqdarı.
2.2. Bu Qanunda istifadə olunan digər anlayışlar energetika sahəsində Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
Maddə 3. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
3.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, energetika sahəsini tənzimləyən Azərbaycan Respublikasının qanunlarından, energetika və enerji resurslarından səmərəli istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
3.3. Ələt azad iqtisadi zonasında enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
2-ci fəsil
Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
sahəsində dövlət siyasəti
Maddə 4. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədləri və dövlətin vəzifələri
4.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikasının energetika sisteminin etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi;
4.1.2. enerji resurslarından səmərəli istifadə etməklə rəqabətə davamlı iqtisadi inkişafın təmin edilməsi;
4.1.3. enerji resurslarından səmərəli istifadəyə xidmət edəcək əlverişli mühitin yaradılması, enerji effektivliyi üzrə tədbirlərə və yüksək effektiv texnologiyalara investisiyaların cəlbinin təşviq edilməsi;
4.1.4. enerji istehsalçıları, ötürücüləri, paylayıcıları, təchizatçıları və istehlakçıları, habelə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi.
4.2. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.2.1. bu sahədə normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
4.2.2. enerji effektivliyi üzrə stimullaşdırıcı və təşviqedici mexanizmlərin həyata keçirilməsi, enerjiyə qənaət edən texnologiyalara və xidmətlərə investisiya qoyuluşunun dəstəklənməsi;
4.2.3. enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin faydası, iqtisadi, ekoloji və sosial üstünlükləri haqqında enerji istehlakçılarının maarifləndirilməsi və məlumatlandırılması;
4.2.4. energetika sistemlərinin iş rejiminin optimallaşdırılması, enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, habelə satışında və istehlakında normadan artıq enerji sərfinin və itkilərin aradan qaldırılması, enerji resurslarının istehsalı və istehlakı sahəsində tarif siyasətinin optimallaşdırılması;
4.2.5. yüksək effektiv texnologiyalardan və müasir ölçmə vasitələrindən istifadə edilməsi;
4.2.6. ayrı-seçkiliyə yol vermədən şəffaf və enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışında və istehlakında iştirak edən tərəflərin maraqlarına uyğun enerji audit sisteminin fəaliyyətinin təmin edilməsi;
4.2.7. enerji effektivliyi üzrə xidmət bazarının inkişaf etdirilməsi;
4.2.8. enerjidən səmərəli istifadə sahəsində elmi tədqiqatların aparılmasının və innovasiyaların tətbiqinin təşviq edilməsi;
4.2.9. binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının həyata keçirilməsi;
4.2.10. enerji menecmenti sisteminin formalaşdırılması və tətbiqi;
4.2.11. enerji effektivliyi üzrə tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi;
4.2.12. enerji resurslarından səmərəli istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsi;
4.2.13. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində kadr hazırlığının həyata keçirilməsi.
Maddə 5. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət proqramları
5.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, mövcud enerji effektivliyinin təhlili və qiymətləndirilməsi, enerji effektivliyinin yüksəldilməsi tədbirlərinin tətbiqi, gözlənilən və ya əldə ediləcək enerjiyə qənaət miqdarının müəyyən edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi üzrə dövlət proqramları qəbul edir.
5.2. Bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.
3-cü fəsil
Enerji auditi, enerji menecment sistemləri və enerji idarəçisi (meneceri)
Maddə 6. Enerji auditi
6.1. Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılır. Enerji auditi bu Qanunun 6.3-cü maddəsində göstərilən hal istisna olmaqla könüllü aparılır.
6.2. Enerji auditinin nəticəsinə dair hesabat enerji auditinin sifarişçisinə təqdim olunur.
6.3. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
6.4. Məcburi enerji auditi 3 ildən bir keçirilir.
6.5. Məcburi enerji auditinin aparılması ilə bağlı tələblər Azərbaycan Respublikası rezidentlərinin Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filial və nümayəndəliklərinə şamil edilmir.
6.6. Enerji auditi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almış fiziki şəxslər (enerji auditorları) tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
6.7. Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.
6.8. Enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
6.9. Bu Qanunun 6.7-ci maddəsində nəzərdə tutulan ixtisas attestatının forması və verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
6.10. Energetika və iqtisadi sahələrdə cinayət törətməyə görə məhkum edilmiş şəxslər enerji auditoru kimi fəaliyyət göstərə bilməz.
6.11. Enerji auditorları və enerji auditi üzrə təşkilatlar məcburi enerji auditi aparılan təsərrüfat subyektlərinin tabeliyində ola bilməz.
6.12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrində olan aşağıdakı məlumatları rəsmi internet səhifəsində yerləşdirir və müntəzəm olaraq yenilənməsini təmin edir:
6.12.1. enerji auditi üzrə təşkilatın adı, təşkilati-hüquqi forması və ünvanı;
6.12.2. enerji auditorunun soyadı, adı, atasının adı və ünvanı;
6.12.3. ixtisas attestatının nömrəsi, verilmə və qüvvədə olma tarixi;
6.12.4. ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.
6.13. Enerji auditoru ilə enerji auditinin sifarişçisi arasında münasibətlər, eləcə də enerji auditoruna ödəniləcək xidmət haqqının məbləği tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
6.14. Enerji auditinin keçirilməsi qaydası, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 7. Enerji menecmenti sistemi
7.1. Təsərrüfat subyektləri bu Qanunun tələblərinə riayət etməklə enerji menecment sistemi yaratmaq hüququna malikdirlər.
7.2. Enerji menecment sisteminə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
7.3. Bu Qanunun 6.4-cü maddəsinin tələbləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş qurum tərəfindən enerji menecmenti sisteminin yaradılması ilə bağlı sertifikatlaşdırılmış təsərrüfat subyektlərinə şamil edilmir.
Maddə 8. Enerji idarəçisi (meneceri)
8.1. Aşağıda qeyd edilən təsərrüfat subyektlərinin rəhbərləri və qeyri-yaşayış binalarının mülkiyyətçiləri (idarəçiləri) tərəfindən enerjinin səmərəli istifadəsinə cavabdeh şəxs olan enerji idarəçisi (meneceri) təyin edilir:
8.1.1. illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində;
8.1.2. tikinti ərazisi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında.
8.2. Enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyadan keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
4-cü fəsil
Enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqi
Maddə 9. Enerji effektivliyi üzrə xidmətlər
9.1. Enerji effektivliyi üzrə xidmətlər sifarişçi ilə enerji effektivliyi xidmətlərinin icraçısı arasında bağlanmış müqavilə əsasında göstərilir.
9.2. Bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş müqavilənin nümunəvi formasını və şərtlərini, habelə bu xidmətlərin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.
Maddə 10. Enerji effektivliyi üzrə xidmətlərin təşviqi
10.1. Enerji effektivliyi üzrə xidmətləri təşviq etmək və bu xidmətlərdən istifadəni genişləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı tədbirləri həyata keçirir:
10.1.1. enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısını rəsmi internet səhifəsində yerləşdirir və müntəzəm olaraq yenilənməsini təmin edir;
10.1.2. tərəfləri bu sahədə qabaqcıl təcrübə barədə məlumatlandırır;
10.1.3. enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabat hazırlayır və dərc edir.
5-ci fəsil
İstehlak olunan enerjinin hesablanması və istehlakçıların məlumatlandırılması
Maddə 11. İstehlak olunan enerjinin hesablanması
11.1. Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyu istehlakçılarını ağıllı sayğaclarla təchiz edir.
11.2. Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir.
11.3. Bu Qanunun 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır.
11.4. Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır.
11.5. İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri bu Qanunun 11.3-cü maddəsi nəzərə alınmaqla quraşdırır.
Maddə 12. Məlumatların istehlakçılara çatdırılması və qorunması
12.1. Enerji təchizatçısı istehlakçıların istehlak olunmuş enerjiyə dair aşağıdakı məlumatlara əlçatanlığını təmin edir:
12.1.1. ən azı son üç ili əhatə edən və mütəmadi təqdim olunan hesabat dövrlərinə uyğunlaşdırılmış istehlak məlumatları;
12.1.2. ağıllı sayğacdan müasir internet şəbəkəsi vasitəsilə ötürülən və ya sayğacın interfeysindən əldə edilən istənilən müddət (ay və il) üzrə istehlak məlumatları.
12.2. Enerji təchizatçısı:
12.2.1. istehlak edilən enerji haqqında məlumatları istehlakçıya və istehlakçının razılığı ilə enerji effektivliyi xidməti icraçısına mütəmadi, asanlıqla başa düşülən və analoji dövrlə müqayisə etmə imkanı verən formada təqdim edir;
12.2.2. istehlakçılara enerji istehlakı üzrə məlumatların elektron formada göndərilməsi imkanının yaradılmasını, həmçinin istehlakçıların sorğusu əsasında onlara istehlak etdikləri enerjiyə dair aydın və başa düşülən izahın verilməsini təmin edir;
12.2.3. ağıllı sayğacın funksiyaları və ondan istifadə qaydası barədə istehlakçıları məlumatlandırır;
12.2.4. istehlakçıya aid məlumatların qorunmasını və məxfiliyini təmin edir.
12.3. Bu maddədə nəzərdə tutulan məlumatlar enerji təchizatçısı tərəfindən istehlakçıya ödənişsiz təqdim edilir.
6-cı fəsil
Enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması
və təchizatında səmərəlilik
Maddə 13. Effektivlik potensialının qiymətləndirilməsi və enerji effektivliyi üzrə öhdəliklər
13.1. Effektivlik potensialının qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
13.2. Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasını və qiymətləndirmə meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi potensialının qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları üçün enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklər müəyyən edir.
Maddə 14. Enerjinin ötürülməsi və paylanmasında effektivlik
14.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektrik enerjisi, təbii qaz və istilik enerjisinin ötürücü və paylayıcı sistemlərində effektivlik göstəricilərinin qiymətləndirilməsi əsasında enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyənləşdirir və aşağıdakıların həyata keçirilməsini təmin edir:
14.1.1. enerji effektivliyi tədbirlərinin stimullaşdırılmasını;
14.1.2. enerji effektivliyini stimullaşdıran tarif siyasətinin formalaşdırılması üçün təkliflərin verilməsini;
14.1.3. istehsal gücləri və sistemin daha optimal iş rejimi hesabına xərclərin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsini.
7-ci fəsil
Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlər
Maddə 15. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə təşviqedici tədbirlər
15.1. Enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə aşağıdakı stimullaşdırıcı tədbirlər həyata keçirilir:
15.1.1. qrant və subsidiyaların ayrılması;
15.1.2. pilot layihələrin tətbiqi;
15.1.3. güzəştli kreditlərin verilməsi.
15.2. Bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan təşviqedici tədbirlər aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
15.2.1. enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;
15.2.2. bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi;
15.2.3. enerji menecmenti sisteminin tətbiqi;
15.2.4. ağıllı sayğacların və sistemlərin tətbiqi;
15.2.5. kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;
15.2.6. bərpa olunan enerji mənbələrindən istifadə.
Maddə 16. Enerji effektivliyi fondunun yaradılması və fəaliyyəti
16.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.
16.2. Enerji effektivliyi fondu aşağıdakı mənbələr hesabına maliyyələşir:
16.2.1. enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait);
16.2.2. kreditlər və qrantlar;
16.2.3. hüquqi və fiziki şəxslərin könüllü ianələri;
16.2.4. beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
16.2.5. fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər;
16.2.6. qanunla qadağan olunmayan digər mənbələr.
16.3. Enerji effektivliyi fondunun vəsaiti bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunur.
16.4. Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 17. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə digər tədbirlər
17.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyinin yüksəldilməsi üçün aşağıdakıları müəyyən edir:
17.1.1. binalar üçün minimum enerji effektivliyi normalarını;
17.1.2. binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydalarını;
17.1.3. enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydalarını;
17.1.4. enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərini.
8-ci fəsil
Yekun müddəalar
Maddə 18. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə
18.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı tədbirləri həyata keçirir:
18.1.1. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə stimullaşdırıcı və təşviqedici mexanizmlər barədə məlumatların, enerji auditi və enerji effektivliyi xidmətləri, eləcə də enerji effektivliyi üzrə fondun vəsaitləri və onlardan istifadəyə dair məlumatların yayılmasını təmin edir;
18.1.2. istehlakçıları enerji effektivliyi üzrə tədbirlərin faydası barədə məlumatlandırmaq məqsədilə maarifləndirmə və təlim təşəbbüslərini təşviq edir;
18.1.3. istehlakçıların enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, habelə məhsulların enerji səmərəliliyi ilə bağlı zəruri məlumat təminatını həyata keçirir;
18.1.4. kütləvi informasiya vasitələrində enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı maarifləndirməni təşkil edir;
18.1.5. istehlakçıların enerji resurslarından səmərəli istifadə sahəsində elmi-texniki yeniliklər, enerji effektivliyi üzrə tədbirlər, enerji auditorları və enerji effektivliyi üzrə xidmət təminatçıları barədə məlumatlandırılmasını təmin edir.
Maddə 19. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsinin elmi-texniki təminatı
19.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsinin elmi-texniki təminatı elmi tədqiqat proqramları, o cümlədən enerjiyə qənaət texnologiyalarının, avadanlığın və materialların yaradılması, habelə tətbiqi üzrə innovasiya layihələri çərçivəsində həyata keçirilir.
19.2. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində stimullaşdırıcı və təşviqedici tədbirlər çərçivəsində aşağıdakı istiqamətlər üzrə həyata keçirilən elmi fəaliyyətə dəstək verilir:
19.2.1. enerji effektivliyi sahəsində elmi nailiyyətlərin və yeniliklərin tətbiqi;
19.2.2. enerji effektivliyi sahəsində yeni materialların, texnika və texnologiyaların yaradılması və tətbiqi;
19.2.3. enerji effektivliyi üzrə tədqiqat proqramlarının və layihələrin hazırlanması;
19.2.4. elmi araşdırmaların aparılması.
Maddə 20. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində beynəlxalq əməkdaşlıq
Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
Maddə 21. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 22. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti
22.1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
22.2. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 23. Bu Qanunun qüvvəyə minməsi
23.1. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
23.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının 1996-cı il 30 may tarixli 94-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 120; 2001, № 12, maddə 736; 2004, № 4, maddə 202; 2017, № 6, maddə 1016) ləğv edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2021-ci il