19 avqust 2021, 14:55

Aslan Aslanovdan, Bakı, Azərbaycan

Zati-aliləri, möhtərəm cənab Prezident!

Müdrik siyasətinizlə iqtisadi-siyasi sahələrdə öz paradiqmalarını, inkişaf modellərini, intellektual brendlərini yaradaraq beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirdiyiniz qüdrətli Azərbaycan Respublikasının yüksək dövləti mükafatı – 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağım haqqında 2021-ci il 18 avqust tarixli Sərəncamınıza görə Sizə dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm.

Vətənimiz, xalqımız və dövlətimiz naminə fəaliyyətimi belə bir yüksək mükafata layiq görməyinizi ömrümün heç zaman unudulmayacaq anı hesab edirəm. Eyni zamanda, bu mükafat Zati-alinizin daimi diqqəti və qayğısı sayəsində dünya informasiya məkanında özünə layiqli yer tutan Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın kollektivinin fəaliyyətinə verdiyiniz böyük dəyərdir.

Çox hörmətli cənab Prezident,

Sizin yenilməz iradəniz və qətiyyətiniz, müzəffər sərkərdəliyinizlə 44 günlük Vətən müharibəsində Azərbaycanın yeni tarixinə ən şanlı Zəfər səhifəsi yazıldı. Artıq Vətənimiz bütün dünyada qalib ölkə, xalqımız döyüşkən və mətin xalq kimi tanınır. Siz müəllifi olduğunuz bu qurtuluş savaşı ilə nəhəng dövlətlərə XXI əsrin hərb dərsi keçdiniz. İndi isə işğaldan azad olunmuş Qarabağımız sürətlə yenidən qurulur, Böyük Qayıdışın möhkəm təməlləri atılır.

“Qarabağ Azərbaycandır!” – ilk dəfə Sizin səsləndirdiyiniz bu ifadə artıq dillər əzbəridir və xalqımızın öz liderinə dərin inamından xəbər verir. Şanlı Zəfərimizdən ilhamlanan, öz Prezidenti ilə fəxr edən AZƏRTAC-ın jurnalistləri də Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymağı Vətən, xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda şərəfli vəzifə hesab edirlər. Sizi əmin edirik ki, kollektivimiz qarşımızda qoyduğunuz vəzifənin öhdəsindən bundan sonra da layiqincə gəlmək üçün qüvvə və bacarığını əsirgəməyəcək.

Zati-aliləri, yüksək etimadınıza görə Sizə bir daha ən səmimi minnətdarlığımı bildirir, möhkəm cansağlığı və uzun ömür, ailə səadəti, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar diləyirəm.

Ulu Tanrı Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin Sədri,

OANA-nın vitse-prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.