18 avqust 2021, 13:46

Cavid Qurbanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

2020-ci il sentyabrın 27-də düşmən təxribatlarına cavab kimi başlayan və Sizin sərkərdəliyinizlə, tarixi zəfərlə bitən Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaranmış, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil, qüdrətli Azərbaycan dövləti daha da güclənmiş, regionda söz sahibinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi tarixi zəfərdən sonra keçən dövr ərzində də xalqımız Sizin sayənizdə tarixi anların, günlərin şahidi olmaqdadır. Sizin rəhbərliyinizlə Qarabağda başlayan misilsiz bərpa və quruculuq işləri bu gün hər bir azərbaycanlının qəlbini fərəh və qürur hissi ilə doldurur. Vətən müharibəsindəki parlaq qələbəmizin ardınca Sizin rəhbərliyinizlə qazandığımız diplomatik qələbələr, azad edilmiş ərazilərdə keçirilən tədbirlər ölkəmizin qüdrətini bir daha sübut etdi. Tarixi “Şuşa Bəyannaməsi”nin, “Bakı Bəyannaməsi”nin imzalanması, minalanmış ərazilərin xəritələrinin bir hissəsinin alınması, Sizin mədəniyyət paytaxtımız elan etdiyiniz Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi xalqımızın qələbə sevincini daha da artırdı.

Möhtərəm Prezident, Sizin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın işğaldan azad edilmiş ərazilərə birgə səfərləriniz zamanı verdiyiniz mesajlar xalqımızın sabaha olan inamını günbəgün möhkəmləndirir, bizi daha böyük qələbələrə və uğurlara səsləyir.

Bu günlərdə Sizin Mehriban xanımla Kəlbəcər və Laçın rayonlarına etdiyiniz tarixi səfəriniz, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoymağınız, Kəlbəcər şəhərində Sizin Dövlət bayrağımızı ucaltmağınız, məşhur “İstisu” sanatoriyasına getməyiniz, İstisu-Minkənd yolunun çəkilməsi işləri ilə tanış olmağınız həmin bölgənin insanlarında özlərinin dədə-baba yurdlarına dönəcəkləri günün, 30 illik Vətən həsrətinə əbədilik son qoyulacağı anların lap yaxında olduğu müjdəsini verir.

Möhtərəm Prezident, bu gün Azərbaycanın qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyev siyasətinin nəticəsidir və ilk növbədə Sizin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Xalqımız hər zaman Sizə güvənmiş və arxalanmışdır. Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə aparılan və şanlı qələbə ilə başa çatan Qarabağ zəfərimiz xalqımızın Sizə olan inamının və etimadının növbəti təntənəsidir.

Bütün bunlara görə Sizə Türk dünyasına üç böyük söz sənətkarı bəxş etmiş Miskin Abdal, Ağdabanlı şair Qurban və Dədə Şəmşir nəslinin, həmçinin 88 yaşlı ağsaqqal atamın, 83 yaşlı ağbirçək anamın, bu nəslin torpaqlarımızın azadlığı uğrunda qurban verdiyi on üç şəhidin, o cümlədən yaxın qohumum olan iki Milli Qəhrəmanın ailələri və Kəlbəcər ziyalıları adından dərin hörmət, ehtiram, sevgi və məhəbbətimi bildirirəm. Sizin adınız Kəlbəcər torpağına qədəm qoyan yenilməz sərkərdə kimi hər zaman Kəlbəcərin uca zirvələri ilə qoşa çəkiləcəkdir. İllərdən bəri əlçatmaz xəyal kimi görünən arzumuzu gerçəyə çevirdiyiniz üçün bir daha Sizə minnətdaram.

Allah Sizi, dövlətimizi, xalqımızı, ailənizi qorusun. Uca Tanrı daim Sizə yar olsun.

Dərin hörmət və ehtiramla,

Cavid Qurbanov

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Kəlbəcər sakini

Azərbaycan Respublikası, Bakı şəhəri.