22 iyun 2021, 15:40

Elbay Qasımzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla imzaladığınız Şuşa Bəyannaməsi hərbi, siyasi, mədəni, iqtisadi sahələrdə, eləcə də beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, təhlükəsizlik, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və daha bir çox mühüm məsələləri özündə əks etdirir. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır və iki qardaş dövlət arasında əhatəli əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılması üçün nümunəvi sənəd olaraq tarixə keçəcəkdir. Bəyannamə yalnız iki ölkə və bu ölkələrin xalqlarının deyil, bütün türk dünyasının mənafeyinə xidmət göstərəcək.

Sənəddə qeyd edildiyi kimi, "Tərəflər, lazımi dövlət dəstəyini təmin, edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir".

Bəyannamənin digər mühüm bəndləri kimi, hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsinin təmin edilməsi, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyətin həyata keçirilməsi məsələsi, ölkənin mədəniyyətini təmsil edən sahələrdən biri kimi memarlıq sahəsində çalışan mütəxəssisləri, o cümlədən Azərbaycan memarlarını birləşdirən Memarlar İttifaqı olaraq bizi daha aktiv fəaliyyətə ruhlandırır, öz təcrübəmizi və istedadımızı dövlətimizin, xalqımızın xidmətinə verməyə, ölkədə gedən abadlıq-quruculuq işlərində, xüsusilə də Qarabağda aparılan yenidənqurma, tarixi memarlıq abidələrinin bərpası və qorunması fəaliyyətində öz bacarığımızı göstərməyə, yeni layihələr yaratmağa sövq edir.

Bununla yanaşı, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasında, türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində səylərimizi səfərbər edərək dövlətimizin yanında durduğumuzu məmnuniyyətlə vurğulayırıq.

Dərin hörmət və ehtiramla,

Elbay Qasımzadə,

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.