Məzahir Əhmədovdan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident,
Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan xalqı üçün uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə Sizin rəhbərliyiniz ilə 44 günlük Vətən müharibəsində, müzəffər Ordumuzun qazandığı şanlı tarixi Qələbəmizdir.
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Bu tarixi zəfər dünyada ən şanlı və ədalətli Qələbədir. Torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Üçrəngli bayrağımız Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Qubadlıda və Laçında dalğalandı.
Cənab Prezident, bu tarixi Qələbənin qazanılmasında nümayiş etdirdiyiniz qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Xalqımıza qürurunu, özgüvənini, inamını qaytarmış, birliyimizi, yekdilliyimizi bərqərar etmiş və Sizdən Azərbaycana əbədi yadigar qalacaq “Qələbə Bayramı Günü"müzlə fəxr edirik.
May ayının 12-də Azərbaycanın mədəniyyət paytaxtı elan edilən və Qafqazın Konservatoriyası hesab edilən Şuşa şəhərində “Xarı bülbül” musiqi festivalının keçirilməsi və ilk tədbirin şəhidlərimizin əziz xatirəsinə həsr olunması bizləri bir daha qürurlandırdı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində Sizin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, qızlarınız Leyla və Arzu Əliyevaların iştirakı, bu tədbirdə 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə söylədiyiniz nitq yaddaşlara əbədi həkk olundu. İctimai Birliyimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Əhmədov Məzahir,
Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin Mehdiabad şöbəsinin sədri.
Azərbaycan Respublikası, Abşeron rayonu.