Alagöz Salahovadan, Bakı, Azərbaycan
Möhtərəm İlham Heydər oğlu və çox hörmətli Mehriban xanım.
Ailəmizin bütün üzvləri adından görkəmli rəssam Tahir Salahovun - bizim isə atamızın, qardaşımızın, babamızın dəfninin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Tahir Salahov daim bizimlə Azərbaycanın ümummilli lideri, xalqımızın sevimli oğlu Heydər Əliyevlə bağlı xatirələrini bölüşür, dahi insanla təmasda olduğuna görə fəxr etdiyini söyləyirdi. Onun Heydər Əliyevlə isti münasibətini, yaradıcı insanlara qayğısını əks etdirən parlaq xatirələri yaratdığı əsərlər qədər canlı idi.
Dahi Heydər Əliyev kimi Siz də, Mehriban xanım da hər zaman milli mədəniyyətimizə xüsusi diqqət yetirir və himayə edirsiniz. Sizin incəsənətimizin inkişafına verdiyiniz töhfənin dəyəri, sözün əsl mənasında, ölçüyəgəlməzdir. Tahir Salahov bu diqqəti və ona olan münasibəti hər zaman hiss etmiş və bu qayğını yüksək qiymətləndirmişdir.
Müzəffər Ali Baş Komandan, Sizin sayənizdə Tahir Salahovun arzusu həyata keçdi, o, Qarabağın azadlığını, Şuşanın qayıdışını, xalqımızın özünəməxsus ləyaqətlə qürur hissi yaşadığını gördü. Qarabağ məsələsi uzun illər atamın qəlbində açılmayan düyünə, sağalmayan yaraya çevrilmişdi. Böyük faciələr yaşamış xalqımız, həmçinin atam, nəhayət ki, Sizin sayənizdə Qələbə sevincinin şirinliyini daddı. Tahir Salahov Sizinlə qürur duyurdu. Biz hamımız Sizinlə fəxr edirik!
Siz xalqımızın böyük Lideri kimi Azərbaycanı ən yüksək kürsülərdən tərənnüm edirsiniz. Azərbaycanın müstəqilliyi və güclənməsi naminə yorulmaz fəaliyyətiniz hər kəsi ruhlandırır.
Bizim ailəmiz xoşbəxtdir ki, Tahir Salahov öz doğma yurdunda, çox sevdiyi və sevildiyi Azərbaycanda dəfn olunub.
Cənab Prezident, hörmətli Mehriban xanım, bir daha ailəmizin bütün üzvləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Alagöz Salahova
Azərbaycan Respublikası, Bakı şəhəri.