Murad Şirinovdan, Şuşa, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Əvvəla, Sizi və xalqımızı torpaqlarımızın işğaldan azad olunması və tarixi Qələbəmiz münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş bütün torpaqlarımızda olduğu kimi, ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, Azərbaycanımızın gözü, tacı, milli dəyərimiz olan Şuşa şəhərində də müqəddəs üçrəngli bayrağımız dalğalandırıldı. Bu şanlı Qələbəmizə görə Sizə və Ordumuza minnətdarıq.
Mən Bərdə rayonunun Şirvanlı kəndində anadan olmuşam. 2004-cü ildən polis orqanlarında xidmət edirəm. 2009-cu il mayın 13-dən Şuşa Rayon Polis Şöbəsində çalışıram. Çox şükürlər olsun ki, Sizin uzaqgörən siyasətiniz və qətiyyətli addımlarınız sayəsində Şuşa şəhəri işğaldan azad olundu və mən bu gün azad Şuşada xidmət edirəm.
Sizin Şuşa şəhərinə səfərləriniz və bizimlə yaxından maraqlanmağınız bir azərbaycanlı kimi məni çox fərəhləndirir. Himayəmdə iki oğul övladım var və onların yaxın gələcəkdə Müzəffər Ali Baş Komandanımızın əsgəri olmaları bir valideyn kimi məni çox sevindirir.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan, azad Şuşa şəhərində xidmət etdiyim üçün Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan xalqına, dövlətinə yorulmaz xidmətlərinizdə uğurlar arzu edirəm.
Şuşa bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Şirinov Murad Polad oğlu.
Azərbaycan Respublikası, Şuşa şəhəri.