Hürü İbrahimovadan, Qəbələ, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı yolunda gördüyünüz böyük işlər hamıya məlumdur. Tarix sübut etdi ki, "Mən İlhama özüm qədər inanıram" sözləri bir insan sərrafının böyük uzaqgörənliklə dediyi, ağlı, zəkası ilə bütün dünyada tanınan ümummilli liderimizin söylədiyi həqiqət idi.
Bütün fəaliyyətiniz ərzində Azərbaycanı həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutması üçün göstərdiyiniz səylər, gördüyünüz böyük işlər sübut edir ki, müdrik Ulu Öndərimiz də, Azərbaycan xalqı da Sizə inanmaqda səhv etməyib. Hər bir azərbaycanlının Prezidenti kimi, kiçikdən böyüyə xalqın hər üzvünün yaxşı yaşaması, xalqın rifahı naminə göstərdiyiniz bütün səylər hamımıza yaxşı məlumdur.
Sizin Qəbələ rayonunun inkişafında, burada yaşayan insanların daha rahat, daha firavan yaşaması üçün verdiyiniz sərəncamlar, Azərbaycanın hər guşəsini, o cümlədən Qəbələni daha da abadlaşdırmaq, dünyanın ən dilbər guşələrindən birinə çevirmək arzunuz artıq hər bir qəbələlinin gördüyü, şahidi olduğu reallıqdır. May ayının 15-də Qəbələyə gəlişiniz zamanı açılışını etdiyiniz, Bum qəsəbəsi ilə bir neçə kəndi birləşdirən nəhəng körpü bu reallığın bariz nümunəsidir.
Cənab Prezident! Körpülər təkcə kəndləri, şəhərləri, yolları birləşdirmir. Körpü həm də insanların ürəklərini bir-birinə bağlayır. Bu körpü əsasən yaz və payız aylarında - çaydan keçməyin mümkün olmadığı vaxtlarda əziyyət çəkən sakinlərin böyük sevincinə səbəb oldu. Biz bilirik müharibənin, 30 illik erməni təcavüzünün yerlə-yeksan etdiyi torpaqlarımızı yenidən dirçəltmək üçün Siz necə böyük işlərin, nəhəng layihələrin həyata keçirilməsi üçün gecə-gündüz çalışırsınız.
Azərbaycanın bütün bölgələrini, o cümlədən Qəbələni də diqqət mərkəzində saxladığınız üçün Sizə çox minnətdarıq. Bum qəsəbəsinin sakinləri adından salınan körpü, gördüyünüz böyük işlər üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Azərbaycanın rifahı və inkişafı yolunda yorulmadan əzmlə çalışırsınız. Bu yolda Tanrı həmişə yardımçınız olsun.
Dərin hörmət və ehtiramla,
İbrahimova Hürü Fərzi qızı
Azərbaycan Respublikası, Qəbələ rayonu, Bum qəsəbəsi.