Murad Dadaşovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
30 illik həsrətdən sonra Sizin uzaqgörən dövlətçilik siyasətiniz və fəaliyyətiniz, yenilməz Ordumuzun qəhrəmanlığı və mərdliyi sayəsində düşmən tapdağından azad olunan doğma Şuşada yüksək səviyyədə təşkil olunmuş “Xarıbülbül" musiqi festivalından böyük həyəcan, qürur və fərəh hissi ilə qayıtdım.
Sizin bu festivalın ərsəyə gəlməsində xüsusi iştirakınız, festival ərzində Şuşadan - Azərbaycanın mədəniyyət mərkəzindən bütün dünyaya verdiyiniz mesajlar, yaşadığımız sözlə təsvir edilə bilməyəcək o müqəddəs anlar qalib Azərbaycan dövlətinin tarixində xüsusi bir səhifə açdı.
Ulu öndər Heydər Əliyevin Şuşada-Cıdır düzündə ucalan səsi bizi nə qədər kövrəltdisə, əminəm ki, mənfur düşmənlərimizi də bir o qədər qorxuya saldı.
Bütün çətinliklərə, dünyada hökm sürən pandemiyaya, 30 illik düşmən əsirliyində dağıntılara məruz qalan rayon və kəndlərimizdə kommunikasiya probleminə baxmayaraq mükəmməl şəkildə təşkil olunan möhtəşəm musiqi festivalı üçün, orada yaşanan birlik, bərabərlik, həmrəylik üçün, bizə bəxş etdiyiniz sonsuz xoşbəxtlik, bütün dünya azərbaycanlılarına qazandırdığınız qalib xalq adı üçün Sizə ən səmimi duyğularımla dərin təşəkkürümü bildirirəm.
Vətənimiz Azərbaycana bəxş etdiyiniz məğrurluq hissi, sonsuz xoşbəxtlik duyğuları üçün yaşayın, var olun, əziz Prezidentimiz, qalib dövlətimizin qalib Lideri!
Hörmətlə,
Dadaşov Murad, “Xəzər” Media Mərkəzinin baş direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.