27 may 2021, 17:43

Əhmədiyyə Hacıyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin hər dəfə Qəbələyə səfəriniz zamanı mühüm açılışlarda iştirak etməniz, rayonun inkişafı ilə bağlı sərəncamlar imzalamanız bizi çox sevindirir. Budəfəki səfəriniz zamanı Bum çayı üzərində yeni körpünün və Bum qəsəbəsinə gedən avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi sakinlər tərəfindən böyük minnətdarlıqla qarşılandı. Rayonumuzun nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına öz töhfəsini verəcək bu körpü və yol vətəndaşların təhlükəsiz hərəkətinin təmin olunması baxımından böyük əhəmiyyətə malikdir. Yeni körpünün istifadəyə verilməsi ilə 11 kəndin 20 min sakini rayon mərkəzinə rahat gedib-gələcək. Biz, eyni zamanda yeddi min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə bağlı imzaladığınız Sərəncamı da böyük sevinclə qarşıladıq.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Hacıyev Əhmədiyyə Nemət oğlu,

Qəbələ rayon Xırxatala kənd tam orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Xırxatala kəndi.