Samir Mustafayevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Bu məktubu Sizə yazan, 3 yaşında Kəlbəcər rayonundan məcburi köçkün düşüb, 30 yaşında Sizin, Müzəffər Ordumuzun sayəsində torpaq sevincini yaşayan Mustafayev Samir Əhliman oğludur.
Hörmətli cənab Prezident, xalqımıza, millətimizə eləcə də türk dünyasına yaşatdığınız tarixi Qələbəmizə, Qarabağ Zəfərinə görə Sizə öz dərin təşəkkürümüzü, minnətdarlığımızı bildirir, cansağlığı, işlərinizdə hər zaman uğurlar arzu edirik.
Uca Allah Sizi, dövlətimizi, millətimizi qorusun.
Necə yazmayasan bu xoş günlərdən?!
Xalqımın qüruru özünə döndü.
Qurtulduq o ağır, çətin illərdən,
Millətin sevinci üzünə döndü.
Sərkərdəmiz əzdi düşmənin başın,
Çıxdı azadlığa torpağım, daşım.
Dəmir yumruq oldu hər vətəndaşım,
Cənabın bir kəlmə sözünə döndü.
Haqq yolunun dözdülər hər anına,
Vəlvələ saldılar düşmən canına.
Vətən şəhidlərin axan qanına,
Qazinin qaranlıq gözünə döndü.
Yağının xülyasın tamam çöndərdi,
Torpaqdan rədd etdi, gora göndərdi.
İgidlər dağları yola döndərdi,
Dağlar Pənahəli izinə döndü.
Yüksək saxlayırıq hər an xidmətin,
Qardaşın qardaşa böyük hörmətin.
Naxçıvan, Zəngəzur atdı həsrətin,
Yolumuz Laçın dəhlizinə döndü.
Azad etdi hər kəndi, hər şəhəri,
Öz gücüylə heyran etdi bəşəri.
Əldə silah Azərbaycan əsgəri,
Doğma ocağına, közünə döndü.
Hər uğurda Öndərimiz dayandı,
44 günə Böyük Zəfər yarandı.
Mehriban xanımla gəzib dolandı,
Şükür, Paşam Cıdır düzünə döndü.
Hörmətlə,
Samir Mustafayev
Azərbaycan Respublikası, Gəncə şəhəri.