25 fevral 2021, 16:53

Şərif Şərifovdan, Gəncə, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Vətən müharibəsində Azərbaycan Ordusunun 44 günlük döyüşdə əldə etdiyi böyük tarixi Qələbə müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, ölkəmizin hər bir vətəndaşına sonsuz qürur və şərəf bəxş etmişdir. Məhz Sizin sayənizdə xalqımız itirdiyi torpaqları qaytara bilmiş, Qarabağda və onun incisi olan Şuşada Azərbaycanın suveren hüquqları yenidən bərpa edilmişdir.

Hörmətli və əziz Prezident,

Azərbaycanın dövlət müstəqilliyinin, iqtisadiyyatının və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, xalqımızın mədəni irsinin və görkəmli nümayəndələrinin beynəlxalq aləmdə tanıdılması üçün gördüyünüz tədbirlər, Sizin Azərbaycanımızın firavan gələcəyinə olan böyük inamınızın təzahürüdür. İşğaldan azad edilmiş Qarabağın, xüsusilə də Şuşanın bərpası üçün elan etdiyiniz tədbirlər Azərbaycanın bu qədim torpaqlarının qısa müddətdə müasir görkəmlə dünya turizminin və mədəniyyətinin mərkəzlərindən birinə çevriləcəyini göstərir.

Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməyinizə və bu tarixi şəhərin xüsusi planla bərpa olunması istəyinizə bir vətəndaş və rəssam-heykəltəraş kimi sevinir, bu böyük bərpa planına töhfə olaraq Şuşada açıq havada yerli heykəltəraş və rəssamlarla yanaşı xarici ölkələrdən olan tanınmış sənətkarın əsərlərinin sərgiləndiyi “Daş heykəllər muzeyi”nin yaradılmasını arzulayıram.

Əminəm ki, Şuşada keçiriləcək beynəlxalq mədəniyyət günlərində qədim şəhərimizin gözəlliyi ilə yanaşı, aktual mövzuları əhatə edən, ildən-ilə yeni eksponatlarla zənginləşən muzey də dünyanın diqqət mərkəzində olacaq, sənətin inkişaf etdirilməsinə və təbliğinə töhfə verəcək.

Hörmətlə,

Şərifov Şərif,

Əməkdar rəssam,

Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü,

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.