24 fevral 2021, 10:00

İsmayıl İsmayılovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Xalqımızın dəstəyinə arxalanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə atdığınız uğurlu addımlar öz bəhrəsini verdi. Sizin sayənizdə xalqımızın ən ümdə problemi öz həllini tapdı. Bu möhtəşəm Qələbəni xalqımıza Siz və Müzəffər Ordumuz yaşatdınız.

Siz daim çıxışlarınızda torpaqlarımızın işğal altında qalması ilə barışmayacağınızı bəyan etmisiniz. Bu nitqləriniz bizi ruhlandırır, qələbə çalacağımıza inamımızı artırırdı. Sizin rəhbərliyinizlə hər an Azərbaycanın hər qarışı uğrunda mübarizəyə hazır olmuşuq, indi də hazırıq.

Vətənimizin hər bir guşəsi bizim üçün əzizdir. Lakin dilbər guşə Şuşaya xüsusi məhəbbətlə yanaşırıq. Təbii ki, bu məhəbbəti Şuşamız Azərbaycanımıza bəxş etdiyi dahiləri, yaşadığı zəngin tarixi və təbiətinin gözəlliyi ilə qazanıb.

Sizin də Şuşaya xüsusi diqqət ayırmağınız, Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməyiniz bu şəhərə olan marağı daha da artırır. Hər birimiz Şuşanın azad olunması xəbərini Sizdən eşidəndə göz yaşlarına qərq olduq, sözlə ifadə olunmayan hisslər yaşadıq. Siz sanki daşlardan ibarət şəhərə deyil, canlı bir varlığa müraciət etdiniz: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Hörmətli cənab Prezident, Sizə qətiyyətli mübarizənizdə uğurlar və möhkəm cansağlığı arzulayıram.

Allah Sizi qorusun.

Dərin hörmətlə,

İsmayıl İsmayılov

Şuşa şəhər sakini

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.