Vəliyevə Elmira Həsən qızından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz əsl sərkərdə olaraq, ümummilli lider Heydər Əliyevin ideyalarını ləyaqətlə həyata keçirirsiniz. Mən Sizin məharətinizə hər zaman əmin olmuşam. Hisslərim və düşüncələrim məni aldatmadı. Siz Ümummilli Liderin məzarı üzərində Qələbə sevincinizi bölüşüb, atanızın vəsiyyətlərini yerinə yetirdiyinizi deyərkən Sizin necə kövrəldiyinizi gördüm və bir daha Sizə səcdə etdim. Düşünürəm ki, nə yaxşı Azərbaycan xalqının Sizin tək oğlu var, nə yaxşı ki, Prezidentimiz məhz Sizsiniz. Təmiz ürəkli, mükəmməl xarakterli, tarixinə, keçmişinə, dədə-babalarına, soykökümüzə sadiq fenomen bir şəxsiyyətsiniz. Sizin xarici jurnalistlərin təxribatçı suallarına necə təmkinlə, səbirlə, dəqiq arqumentlərlə, fakt və sübutlarla cavab verməyiniz Sizi xalqımızın gözündə göylərə ucaltdı. Bu məqamda bir atalar sözünü xatırlamamaq olmur: "Ot kökü üstə bitər". Siz Qələbənizlə sübut etdiniz ki, Heydər Əliyev məktəbinin ən layiqli davamçısısınız.
Siz Qarabağın xilaskarı statusunu qazandınız. Siz Şuşada - mənim nənəmin vətənində olarkən göz yaşlarımı saxlaya bilmədim. Əslində bu sevinc göz yaşları idi. Çünki Şuşa artıq əsirlikdən azad olunmuşdu. Şuşa - qürur, qeyrət, mədəniyyət mərkəzimizdir! Pənah xanın yadigarı olan Pənahabadı - Şuşanı məhz Siz və Müzəffər Azərbaycan Ordusu xilas etdi. Bu gün Pənah xanın, Üzeyir bəyin, Natəvanın, Vaqifin, Bülbülün ruhları sevinir, Sizi alqışlayır. Sevinirlər ona görə ki, nəhayət, tarixi sərkərdə İlham Əliyev onları doğma yurdlarına qovuşdurdu.
Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan sözü-səsi eşidilməyən bir ölkədən fikirləri ilə hesablaşılan bir dövlətə çevrildi. 44 günlük Vətən Müharibəsində şanlı Qələbəmiz region və dünya üçün böyük əhəmiyyət daşıyır. Siz diplomatiya bacarığınızla faşistlərin əlaltısı olan, Njdeyə heykəl ucaldan erməni xislətinin iç üzünü dünyaya tanıtdınız. Siz hərb sənətinə böyük yeniliklər gətirdiniz. Hətta Avropa, Amerika ölkələri Azərbaycanın hərb sənətinə, müharibə taktikasına, dron əməliyyatlarına heyran qaldıqlarını gizlətmədilər. Düşünürəm ki, Sizin sərkərdəliyiniz altında ordumuzun qələbəsi dünya tarixində silinməz iz buraxacaqdır.
Cənab Prezident, Sizin hər çıxışınız və xalqa müraciətlərinizdəki qızıl kəlmələriniz gənc nəsil üçün örnəkdir. Biz Sizi hər zaman sevmiş, Sizə böyük ümidlər bəsləmiş, inanmış, dövlətçiliyimizə sadiq olmuşuq. Ömür vəfa etsə Sizin haqqınızda tarixi bir kitab yazmağı düşünürəm. Müzəffər Ali Baş Komandanım, Siz Allah adamısınız! Ona görə də Allah hər zaman Sizi qoruyacaqdır. Sizə hər zaman zəfərlər yaraşır. Siz ən ali titullara layiqsiniz. Qədirbilən xalqımız çox haqlı olaraq Sizin bu möhtəşəm xidmətlərinizi yüksək dəyərləndirir. Bunun bariz nümunəsi kimi inanıram ki, tezliklə Sizə Bakının ən gözəl yerində və Şuşada heykəl ucaldılacaqdır!
Dərin hörmətlə,
Vəliyevə Elmira Həsən qızı
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist, tarix müəllimi
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.