Arif Hümbətovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin Ali rəhbərliyinizlə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də mənim oğlum - Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovdur.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini leytenant hərbi rütbəsi ilə bitirmiş oğlum xidmət dövründə dəfələrlə Müdafiə Nazirliyinin, Hərbi Prokurorluğun və qulluq etdiyi hərbi hissənin Fəxri Fərmanları ilə təltif edilmiş və mükafatlandırılıb. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda iştirak etmiş, tank bölüyünün bayraqdarı olmuşdur.
Tank tağımı komandiri olan oğlum Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Oğlum Azadın döyüşlərdə göstərdiyi igidlik və şücaət tərəfinizdən yüksək qiymətləndirilmiş, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Cənab Prezident, mən bu gün qürur duyuram ki, qazanılan bu tarixi qələbədə mənim oğlum Azad Hümbətovun da payı vardır. Özüm ehtiyatda olan zabitəm və lazım gələrsə mən də övladım kimi Vətənim və xalqım uğrunda canımdan keçməyə hazıram. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, milli dövlətçiliyinin qorunub möhkəmləndirilməsi, ölkəmizin inkişafı və tərəqqisi işinə sədaqətlə xidmət edəcəyəm.
Möhtərəm Prezidentimiz,
Siz və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva şəhid ailələrini, qaziləri, hərbi xidmətdən tərxis olunmuş əsgər ailələrini heç zaman tək qoymur, diqqət və qayğınızı əsirgəmirsiniz.
Bu məktubu Sizə yazmaqda məqsədim 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəmiz münasibətilə Sizə dərin minnətdarlığımı bildirməkdir. Siz 30 ilə yaxın düşmən tapdağı altında qalan doğma torpaqlarımızı işğaldan azad etdiniz. Adınız bu Qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.
Biz Sizinlə fəxr edirik, qürur duyuruq. Xoşbəxtik ki, Sizin kimi yenilməz və əvəzsiz Prezidentimiz var. Siz qüdrətli dövlət başçısı, Müzəffər Ali Baş Komandan olmaqla yanaşı, həm də layiqli övladsınız. Ömrünü xalqına həsr edən Ulu Öndərimizin ruhu bu gün şaddır. Siz layiqli bir övlad kimi ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Ulu Tanrıdan Sizə və dövlətimizin tərəqqisi naminə əməyini əsirgəməyən, xalqımızın sevimlisi Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Allah müstəqil dövlətimizi, Müzəffər Ali Baş Komandanımızı və şanlı Ordumuzu qorusun!
Dərin hörmətlə,
Hümbətov Arif, şəhid atası.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.