16 fevral 2021, 17:50

Akalanka Nişanta Bandara Jayatilakedən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Şri-Lankanın sülhsevər və azərbaycanlılara dost olan xalqı erməni silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən barbar hücumları, silahsız dinc sakinlərin vəhşicəsinə qətlə yetirilməsini hər zaman pisləmişdir. Eləcə də, ötən il baş vermiş Vətən Müharibəsində ermənilərin infrastruktur obyektlərini hədəf almasını, Gəncə və Bərdə şəhərlərində mülki şəxsləri ballistik raket atəşinə məruz qoymasını şiddətlə qınayırıq. Bu, insan haqlarının, beynəlxalq hüquq norma və prinsiplərinin kobudcasına pozulması deməkdir.

Sizin uzaqgörən siyasətiniz, möhkəm iradəniz və güclü rəhbərliyiniz nəticəsində Azərbaycan bu haqq mübarizəsində Qələbə qazandı. Siz əsl milli qəhrəman olaraq minlərlə azərbaycanlının qəlbini fəth etdiniz. Sizə və bu Qələbədə əməyi olan hər kəsə minnətdarlığımı bildirir və Azərbaycan xalqına təbriklərimi çatdırıram.

Bir tərəfdən müharibənin getdiyi, digər tərəfdən pandemiyanın yayıldığı çox ağır günlərdə Azərbaycan vətəndaşlarının göstərdiyi gücə və səbrə heyran qalmışdım. Bir sıra dost və qardaş ölkələrin Azərbaycana mənəvi dəstəyi də qeyd edilməli amildir.

Cənab Prezident, mən işlədiyim dövrdə böyük təcrübə qazanmışam. Bir dost xalqın nümayəndəsi olaraq, Qarabağda həyata keçirilən yenidənqurma proseslərində hər zaman təmənnasız iştirak etməyə hazıram. Bu işlərdə fayda verəcəyimə inanıram. Xüsusilə, gələcəkdə Qarabağda turizm sektorunun inkişafı üçün planlarımız da var.

Həmçinin bir arzumuzu da ali diqqətinizə çatdırmaq istəyirik. Arzumuz odur ki, Ali Baş Komandanın və 30 illik müharibənin qəhrəmanlarının əməyini özündə təcəssüm etdirən “İlham Əliyev Muzey Mərkəzi” yaradılsın.

Hörmətlə,

Akalanka Nişanta Bandara Jayatilake

Şri-Lanka – Azərbaycan Turizm Şirkətinin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi.