15 fevral 2021, 11:02

Samir Quliyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

44 günlük Vətən müharibəsində qazanılan Qələbə bütün xalqımızın Qarabağ nisgilinə son qoydu. Bizə qələbə müjdəsini, sevincini yaşatdığınız üçün Sizə - Müzəffər Ali Baş Komandanımıza minnətdarıq!

Yaşadığımız Tərtər rayonunda düşmənin atdığı mərmilərdən ziyan görməyən küçə, ev-eşik yoxdur. Müharibədən dərhal sonra tikinti-abadlıq işlərinə başlanılıb. Bir çox küçələrlə birlikdə yaşadığımız Elman Hüseynov küçəsi də təmir olunur. Küçədə işıq, qaz, su-kanalizasiya, rabitə xətləri bərpa olunur, səliqəyə salınır, küçəyə asfalt örtüyü döşənir. Bu bizi ürəkdən sevindirir. İnşallah, işğaldan azad edilmiş ərazilərimizdə də tezliklə abad, gözəl şəhərlər salınacaq.

Tərtərə və tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə küçəmizin sakinləri adından bir daha Sizə öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Quliyev Samir Saleh oğlu,

Quliyev Məzahir Rafiq oğlu,

İsmayılov Mahir Vaqif oğlu.

Azərbaycan Respublikası, Tərtər şəhəri.