10 fevral 2021, 11:42

Aqşin Mirfeyzullazadədən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizi 44 günlük Vətən Müharibəsində qazandığımız Qələbə münasibətilə özümün və ailəm adından böyük qürur və sevinc hissi ilə təbrik edirəm.

Mən Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədovanın və onun həyat yoldaşı, həmkarı Lətif Feyzullayevin nəvəsi, kinorejissor Nicat Feyzullayevin oğluyam. Sizə bu məktubumu böyük fərəh və qürur hissi ilə ünvanlayıram. Qeyd etmək istərdim ki, Sizin çıxışlarınızı hər zaman böyük maraqla izləmişəm və bu gün də izləməkdə davam edirəm. Müharibə dövründə Sizin hər çıxışınızda qələbənin çox yaxında olduğuna inanır və hiss edirdim.

Hörmətli cənab Prezident, ürəyim xoş sözlərlə doludur. Bizim ailəmizin Sizə olan sevgisi və sədaqəti sonsuzdur, əbədidir. Mən və ailəm heç vaxt Sizin Azərbaycan ziyalılarına olan diqqətinizi, xüsusən nənəm Vəcihə Səmədovaya və babam Lətif Feyzullayevə göstərilən diqqət və qayğını heç bir zaman unutmayacağıq. 2018-ci ildə Heydər Əliyev Fondunun dəstəyi və şəxsən Mehriban xanım Əliyevanın şəxsi nəzarəti ilə Fransanın Kann şəhərində onların “Məhəbbət Tandemi” adlı sərgisinin keçirilməsi mənim və ailə üzvlərim üçün həyatımızın ən sevindirici və qürurverici anlarından biri olub.

Çox hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, bu möhtəşəm və parlaq qələbənizə görə, bizim və əcdadlarımızın bütöv Azərbaycan görmək arzusunu bu gün gerçəyə çevirmiş olduğunuza görə ailəmizin adından bir daha Sizə sonsuz təşəkkürümü bildirirəm.

Dərin hörmət və ehtiramla,

Aqşin Mirfeyzullazadə

Rəssam

Azərbaycan Respublikası, Bakı şəhəri.